“Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı aksiya çərçivəsində tədbir keçirilib

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı aksiya çərçivəsində tədbir keçirilib

Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin iclas salonunda "Sağlam ailə sağlam gələcəyin təminatıdır" adlı aksiya çərçivəsində tədbir keçirilib.

Tədbiri giriş sözü Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov açaraq tədbirin mahiyyətindən söhbət açıb və bildirib ki, müasir dövrdə dünya ölkələrini narahat edən əsas məsələlərdən biri də ailə və institut cəmiyyətlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında vurğulayıb ki, bu gün bütün dünyada qloballaşma prosesi gedir. Azərbaycan da dünyəvi bir dövlət olduğu üçün bu proseslərin iştirakçısına çevrilib: "Təəssüf ki, qloballaşma müsbət təsirləri ilə yanaşı, mənfi təsirlərini də göstərir. Mənfi təsirlər isə əsas ailə məsələlərində öz təsirini göstərir. Bu gün Azərbaycan ailəsinin, ailə modelinin qorunmağına ehtiyac var. Dövlətimizin də siyasəti bu istiqamətdə müəyyən işlərin görülməsinə yönəlib. Bu istiqamətdə Azərbaycanda ailələrin rifahının yaxşılaşdırılması, uşaqların daha yaxşı təhsil alması, sağlam böyüməsi yönündə bir çox tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq bir çox problemlər var, o cümlədən ailə məsələləri ilə bağlı narahatçılıqlar özünü aydın şəkildə göstərir. Bəzi insanlar düşünür ki, ailə məsələləri elə ailə daxilində həll edilməlidir, ört-basdır edilməlidir. Bu təqdirdə isə problemlər daha dərinləşir, daha böyük faciələrə yol açır. KİV-lərdə yayılan xəbərlərdə Azərbaycanda boşanmaların sayının artdığı qeyd olunur. Ancaq, statistikaya əsasən qurulmuş ailələrin nisbətində boşanmaların sayı 10 faizi keçmir. Beynəlxalq təcrübə olaraq diqqətinizə çatdırım ki, Avropada isə bu nisbət artıq 50-60 faizdir. Bu gün Avropanın özü ailə institutları ilə bağlı problemlər yaşayır. Güclü dövlətin təməli məhz sağlam ailədir. Ailə nə qədər sağlam olarsa, cəmiyyət bir o qədər sağlam olar".

Tədbirdə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestiri Xidmətinin rəisi Reyhanə Kərimova, Nərimanov rayon Qeydiyyat Şöbəsinin rəisi Səadət İsmayılova, Səhiyyə Nazirliyi Elmi-Tədqiqt Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova çıxış ediblər.

Çıxışlarda əsas diqqət erkən nikahlara yönəlib və bildirilib ki, ölkənin xüsusilə bölgələrdə, ucqar kəndlərində bu kimi hadisələrə tez-tez rast gəlinir. Qeyri-rəsmi nikahların sayı isə artıq 4 minə çatıb. Gələcəkdə ən böyük problemlərlə bu ailələrdə dünyaya gələn uşaqlar qarşılaşır. Qohumluq nikahları da ciddi narahatlıq doğuran problem olaraq qalmaqdadır. Bu cür ailələrdə doğulan körpələrin böyük hissəsi fiziki və ya əqli qüsurlu doğulur.

Tədbirdə gənclərə yönəlik tövsiyələr səslənib. Vurğulanıb ki, gənclər evlənmədən öncə mütləq sağlamlıq haqqında arayış təqdim etsinlər. Hərçənd ki, Azərbaycan qanunvericiliyində bu könüllük prinsipi ilə nəzərdə tutulur. Eyni zaman evlənməyə hazırlaşan gənclər arasında nikah müqaviləsinin bağlanması da vacib amillərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə