19 noyabr SMPDK-nın yaranması günüdür

19 noyabr SMPDK-nın yaranması günüdür

Noyabrın 19-u Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) yaranması günüdür. SİA-nın xəbərinə görə, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı 2008-ci il noyabrın 19-da imzalanıb. Bu müddətdə aparılan işlərin əsas istiqamətləri standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və sənaye mülkiyyətinin mühafizəsi sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması, maddi-texniki bazanın genişləndirilməsi, institusional quruculuq məsələlərinə yönəlib.

2009-cu ildə Komitənin nəzdində Təcrübə-Sınaq Mərkəzi (AzTEST) yaradılıb. AzTEST-in fəaliyyəti günbəgün təkmilləşdirilib, məhsul və malların sınaqlarının aparılması, ölçmə vasitələrinin kalibrlənməsi, ümumilikdə istehlakçı hüquqlarının qorunmasında vacib rol oynayan avadanlığın alınması intensivləşib. Son illər metrologiya sahəsinin inkişafında da yüksək dinamika müşahidə olunmaqdadır. Belə ki, 2007-ci il noyabrın 1-də yaradılmış Milli Metrologiya Mərkəzinin maddi-texniki bazasının genişləndirilməsi, laboratoriyaların müasir avadanlıqla təchiz edilməsi və bu avadanlıqla işləyəcək mütəxəssislər üçün təlimlərin təşkili, eyni zamanda təzyiq, sıxlıq, elektrik kəmiyyətləri, temperatur və digər istiqamətlər üzrə dünyanın qabaqcıl şirkətlərindən etalonların alınması və quraşdırılması işləri artıq başa çatıb. 14 ilkin və 10 ikinci dərəcəli dövlət etalonları olmaqla Milli Etalon Mərkəzi formalaşdırılıb. Ölkəmizin rəhbəri tərəfindən aparılan düzgün və məntiqli siyasət, uğurlu iqtisadi strategiya, sahibkarlığın inkişafına dövlətin dəstəyi, azad rəqabət mühiti ölkəmizin imicinin beynəlxalq aləmdə yüksəldilməsinə xidmət edir. Komitənin başlıca məqsədi Azərbaycanda keyfiyyət infrastrukturunun Avropa İttifaqının qəbul etdiyi normativlər əsasında təşkili və bu sahəni inkişaf etdirməkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə