Türkiyənin Diyanət İşləri Başqanı Zaqatala və Şəkidə olub

Türkiyənin Diyanət İşləri Başqanı Zaqatala və Şəkidə olub

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Diyanət İşləri Başqanı professor Mehmet Görmezin rəhbərlik etdiyi nümayəndə heyəti respublikamızın şimal-qərb bölgəsində olub. Türkiyəli qonaqları bu səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə müşayiət edib.


SİA AzərTAc-a istinadən xəbər verir ki, Türkiyənin Diyanət İşləri Başqanının bölgəyə səfəri Zaqatala rayonundan başlayıb. Zaqatala Beynəlxalq Hava Limanında hörmətli qonağı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qarşılayıb.


Türkiyəli qonaqlar əvvəlcə rayonun qədim ibadət ocaqlarından olan Tala Məscidi ilə tanış olublar. Məlumat verilib ki, məscidin tikintisinə 1901-ci ildə başlanılmış və 1910-cu ildə istifadəyə verilib. Türkiyədən gətirilmiş xüsusi layihə əsasında inşa edilən məscidin tikintisi rayon sakinlərinin maddi yardımı və iməciliklər hesabına həyata keçirilib. Məscidin dam örtüyünün materialını (ağ dəmir) Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev verib. Ümumi sahəsi 2500 kvadratmetr olan məscid binasında eyni vaxtda min beş yüzədək dindar ibadət edə bilir. Məscid tarix-mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.


Sonra qonaqlar Zaqatala şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad ediblər. Məlumat verilib ki, 1947-ci ildə salınan və 13 hektar ərazisi olan bu istirahət guşəsində 2008-ci ildə yenidənqurma işləri aparılıb, park müasir görkəm alıb. Sonra qonaqlar parkın ərazisində yerləşən, 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılan Heydər Əliyev Mərkəzi ilə tanış olublar.


Türkiyəli qonaqlar daha sonra rayon tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar. Məlumat verilmişdir ki, muzey 1947-ci ildə yaradılmışdır. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat mühafizə olunur.


Sonra qonaqlar şəhər məscidində namaz qılıblar. Məlumat verilib ki, məscid binasının tikintisinə 1998-ci ildə başlanıb, 2001-ci ilin mayında istifadəyə verilib. Azərbaycan-Türkiyə dostluğunun əbədi rəmzinə çevrilən bu məscidin tikintisi Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə Gəncliyə Yardım Fonduna həvalə edilib.


Daha sonra Türkiyənin Diyanət İşləri Başqanı Bakı İslam Universiteti Zaqatala filialının tələbələri ilə görüşüb.


Zaqataladan Şəkiyə yola düşən qonaqlar yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət ediblər.


Şəki şəhərinin girişində qonaqları şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qarşılayıb. Sonra nümayəndə heyəti XIX əsrin tarixi-memarlıq abidəsi olan Mərkəzi Cümə məscidinə və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinə baş çəkiblər. Türkiyəli qonaqlara məscid və mədrəsə barədə ətraflı məlumat verilib. Diyanət İşləri Başqanı Mehmet Görmez və digər qonaqlar məscidin həyətində mədrəsədə təhsil alan hafizlərlə xatirə şəkli çəkdiriblər.


Mədrəsədə keçirilən görüşdən sonra burada təhsil alan 9 nəfər hafizə Qafqaz Müsəlmanları İdarəsinin diplomları təqdim edilib.

Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məlumat verilib ki, bu saray XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilib. Şərq memarlığının nadir incisi hesab olunan bu saray UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.


Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan Xan çinarları türkiyəli qonaqlarda xüsusi maraq oyadıb.


Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər.


Səfər proqramına uyğun olaraq nümayəndə heyəti daha sonra XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş "Yuxarı karvansara" mehmanxana-kompleksi ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilmiş bu karvansara öz ölçülərinə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansara hesab olunur. Ümumi sahəsi 6 min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300 otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Türkiyə, Rusiya, İran və digər Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarada qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.


Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezə, şeyxülislam Allahşükür Paşazadəyə və digər qonaqlara xatirə hədiyyələri - Şəkidə toxunmuş ipək xalça, şərf və kəlağayı, habelə "Xan sarayı" haqqında kitab təqdim edib.


Karvansaranın həyətində jurnalistlərə müsahibə verən Diyanət İşləri Başqanı Mehmet Görməz bildirib: "Azərbaycan müstəqilliyinin 20-ci ilində bir çox ölkənin 100 ildə əldə etmədiyi uğurlara imza atıb. Dost və qardaş Azərbaycanda bütün sahələrdə, istər iqtisadi, istərsə də mədəni sahədə böyük inkişaf hiss olunur. Əminəm ki, bu inkişaf əbədiyyətə qədər davam edəcək".


Bütün xəbərlər Facebook səhifəmizdə