Əksər rayonlarla müqayisədə Xızıda qayda pozulması halları az müşahidə olunur

Əksər rayonlarla müqayisədə Xızıda qayda pozulması halları az müşahidə olunur

Əsasən dağlıq ərazidə yerləşən və 26 kənddən ibarət olan Xızı rayonunun yaşayış məntəqələri elektrik enerjisi ilə müxtəlif mənbələrdən qidalandırılır. Bunlar 35 kV-lik \"Siyəzən\" hava xətti, Giləzi qəsəbəsini qidalandıran \"Giləzi-Dartı\" yarımstansiyası, 110 kV-lik \"Sitalçay\" yarımstansiyası, Qobustanın \"Filmilli\" yarımstansiyasından çıxaraq, 4 kəndi qidalandıran 10 kV-lik \"Ağdərə\" xətti və başqalarıdır. Mürəkkəb coğrafi relyef və qidalandırma mənbələrinin pərakəndəliyi enerji təsərrüfatına nəzarət baxımından müəyyən çətinliklər yaratsa da, Xızı Elektrik Şəbəkəsinin kollektivi öz işinin öhdəsindən layiqincə gəlməyə çalışır.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, qarşıya çıxan bütün məsələlər Xızı Elektrik Şəbəkəsinin dəstəyi və əmək kollektivinin səyi ilə öz həllini tapır. Xidməti ərazidə olan 3600-dan çox istehlakçının (3500-ə yaxını daimi əhali qrupu istehlakçılarıdır) daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün bütün zəruri tədbirlər vaxtında icra olunur. Bu məqsədlə şəbəkədə 7 ədəd 35 kV-lik yarımstansiya, 62 transformator məntəqəsi və 132 kilometr uzunluğunda müxtəlif güclərdə olan xətlər istismar edilir.

Qeyd edək ki, bütün energetika təsərrüfatlarında olduğu kimi, burada da payız-qış mövsümünə hazırlıq tədbirləri yüksək səviyyədə icra olunur, işlər qrafik üzrə aparılır. Əsasən, cari təmir işləri görülür, qüsurlu avadanlıqların dayanıqlığının artırılması üçün tədbirlər icra olunur.

Yeri gəlmişkən, görülən işlərə nümunə olaraq 35 kV-lik \"Yaşma\", \"Şurabad\", \"Xızı\" yarımstansiyalarında əsaslı və cari təmir işlərinin reallaşdırılması göstərilə bilər. Həmçinin \"Xızı\" yarımstansiyasında 35 kV-lik yağ açarının yerinə eleqaz açarı, 10 kV-lik transformatorun giriş açarının yerinə vakuum açarı quraşdırılıb. Hazırkı vəziyyətdə də analoji tədbirlər ardıcıl olaraq davam etdirilməkdədir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, elektrik verilişi xətləri üzrə olan nasazlıqların aradan qaldırılması istiqamətində də mühüm tədbirlər görülür. Bu yaxınlarda Safbulaq budaqlanmasında böyük həcmdə işlər icra olunub. Ümumilikdə isə burada təbii fəlakət nəticəsində ortaya çıxmış qüsurlar əsasən aradan qaldırılıb.

Onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə qarşı sərt tədbirlərin görülməsi bu şəbəkə üçün də xarakterikdir. Keçirilən reydlər zamanı hələ də bir sıra istehlakçıların müxtəlif yollarla sayğaca müdaxilə etmələri, həyətlərdən keçən 0,4 kV-lik xətlərdən sayğacdankənar xətt çəkmələri müşahidə olunur. Nəticədə həmin istehlakçılar barəsində itirilmiş elektrik enerjisinin istehlak dəyərinin bərpası ilə əlaqədar akt tərtib edilir. Ümumilikdə isə əksər rayonlarla müqayisədə burada qayda pozulması halları az müşahidə olunur. Heç şübhəsiz ki, bu amilə aparılan maarifləndirmə tədbirləri az təsir göstərmir.

Bütün xəbərlər Facebook səhifəmizdə