Dərman zəhərlənməsindən ölənlərin sayı durmadan artır - Araşdırma

Dərman zəhərlənməsindən ölənlərin sayı durmadan artır - Araşdırma

Samux rayon Alıuşağı kənd sakini Xatirə Bağırovaya qəbul etdiyi dərman preparatı həyatı bahasına başa gəlib. Ev şəraitində qəbul etdiyi dərmandan zəhərlənən zərərçəkən xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Gəncə şəhər Şəddadilər küçəsi 2, döngə 7 ünvanında yaşayan Leyla Vaqif qızı Hüseynovanın həyatına isə ağrıkəsici (\"Spazmalqon\") dərman son qoyub.

Demək olar ki, hər gün bir necə nəfərin dərmandan zəhərlənməsi ilə bağlı xəbərlər verilir. Bu o deməkdir ki, ölkə ərazisində dərman preparatları ilə mübarizə müsbət nəticə vermir. Hələ də apteklərdə keyfiyyətsiz, saxta, vaxtı keçmiş dərmanların satışı davam edir. Səhiyyə işciləri bunda əhalinin suçunun olduğunu da deyirlər. Onlar hesab edir ki, bu cür halların baş verməsinə səbəb dərmanlardan düzgün və həkim təyinatı olmadan istifadə etmə, preparat alarkən keyfiyyət və digər göstəriciləri ilə tanış olmama, holoqramsız dərman alma hallarının davam etməsi səbəb olur.

Dərmanın dozası düzgün seçilməlidir

Respublika Toksikoloji Mərkəzindən təsdiqləndi ki, son illər dərman preparatlarından zəhərlənmə halları artıb.

Toksikoloq Zemfira Qurbanova isə bildirdi ki, zəhərlənməyə səbəb dərmanın vaxtının keçməsi, düzgün qəbul olunması ola bilər: "Dərman qəbul etməzdən əvvəl onun dozası düzgün seçilməli, həkim təyinatı olmadan dərman qəbul edilməməlidir. Məsələn çoxları bilmir ki, penisillin, novokain, analgin şok yaradan dərmanlar sırasındadır. Onları həkim təyinatı olmadan qəbul edirlər. Bir də görürsən ki, naşı adamlar tərəfindən ev şəraitində iynə vurulur. Damara vurulmalı olan preparatın dəri altına yeridilməsi zəhərlənmə və ya \"anafilaktik şok\" yarada bilər. Bu kimi hallar yolverilməzdir. Hər bir preparatdan istifadədən öncə dərmana qarşı allergiyanın olub-olmadığı dəqiqləşdirilməlidir, dərmanın instruksiyası oxunmalıdır". Mütəxəssis zəhərin orqanizmlə qarşılaşması zamanı desensibilizasiya prosesinin başladığını deyir: "Öncə antitellər, antigenlər yaranır və ilkin əlamətlər özünü büruzə verir. Dəri örtüyü qızarır, sonra avazıyır, qan təzyiqi kəskin düşür, nəbz sapvarı olur. Sonradan ürək, beyin və ya qarın simptomları üzə çıxır. Şok serebral (beyin), ürək-damar və respirator (tənəffüs) formada davam edir. Qarın simptomları zamanı qarın ağrısı, ishal baş verir. Ürək simptomları üstünlük təşkil etdikdə isə ürək ağrıları müşahidə olunur. Təzyiq qalxır və ya kəskin düşür. Beyin simptomları zamanı xəstədə huş itirmələri də baş verir. Zəhərlənmə kəskin bel ağrıları ilə başlayır. Analizlər qanın periferik formasında da spesifik dəyişikliklərə səbəb olur. Vaxtında yardım göstərilməyəndə bu vəziyyətə düşmüş xəstə dünyasını dəyişir. Ona görə də dərman qəbulundan sonra bu kimi hallar müşahidə edilərsə, dərhal həkimə müraciət olunmalıdır\".

Dövlət qeydiyyatına alınmamış dərmanlara qadağa


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirdi ki, keyfiyyətsiz dərmanlara qarşı mübarizə davam edir: "Keyfiyyətsiz, vaxtı keçmiş dərmanlarla bağlı məlumat daxil olan kimi fakt, mərkəzin əməkdaşları tərəfindən araşdırılır və şikayət daxil olan apteklə bağlı tədbirlər görülür. Görülən tədbirlər nəticəsində dərman bazarında saxta dərmanların sayı azalıb. Ancaq həm paytaxt, həm də rayonlarda yerləşən apteklərdə monitorinqlər davam edir. Aparılan tədbirlərə baxmayaraq hələ də saxta və keyfiyyətsiz dərmanların satışı ilə məşğul olan apteklər var. Belə apteklərə qarşı ciddi tədbirlər görülür". Qurumdan o da bildirildi ki, Azərbaycanda 4000-ə yaxın dərman preparatı dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilib: "İndən sonra ölkəyə yalnız dövlət qeydiyyatına alınmış dərmanlar idxal edilə bilər. Reyestrə daxil edilməyən dərmanların ölkəyə idxalı isə qadağandır. Ölkəyə reyestrə daxil edilmədən gətirilən dərmanlar müsadirə edilir".


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com