Texnologiya və süni intellekt gənclərin dünyagörüşünü necə dəyişir? - SOSİOLOQ AÇIQLADI
"Son illər həyatımıza daxil olan texnologiyalar təkcə gündəlik yaşam tərzimizi deyil, həyat fəlsəfəmizi və ümumiyyətlə dünyaya baxışımızı da dəyişir". Bu sözləri SİA-ya açıqlamasında ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın xan Əbilov deyib.

Onun sözlərinə görə, bu dəyişiklik xüsusilə gənclərə ciddi təsir göstərir. Atalar sözündə deyildiyi kimi, “Gənclər zamanın övladlarıdır”. Bu baxımdan sosial şəbəkələrin, internetin, yeni texnologiyaların, xüsusilə də süni intellektin gənclər üzərində təsiri və təzyiqi getdikcə artır.
Bunun qarşısını tamamilə almaq mümkündürmü? Əlbəttə, bu, çətindir. Lakin müəyyən metodlardan istifadə etməklə, gənclər arasında maarifləndirmə işini gücləndirməklə və yeni həyat tərzinin daha sağlam tərəflərini təbliğ etməklə uşaqları və gəncləri bir sıra mənfi təsirlərdən qorumaq mümkündür.
Bu gün sosial media, messencerlər, internet resursları və süni intellekt gənclər üçün getdikcə daha cəlbedici olur. Yeni nəsil bəzən valideynlərindən, məktəbdən, müəllimlərdən, ailədən və real sosial mühitdən daha çox sosial şəbəkələrə və süni intellektə etibar etməyə başlayır.
Digər tərəfdən, Azərbaycan dilində və milli-mənəvi dəyərlərimizə uyğun keyfiyyətli rəqəmsal resursların kifayət qədər çox olmaması da müəyyən problemlər yaradır. Belə vəziyyətdə gənclər xarici mənbələrdə formalaşan həyat tərzi, uğur modeli və dünyagörüşü ilə daha çox qarşılaşırlar.
Məsələn, internetdə və sosial mediada tez-tez belə fikirlər ön plana çıxarılır: universitet təhsili olmadan böyük şirkət qurmaq, heç bir fundamental hazırlıq keçmədən uğurlu biznes yaratmaq, qısa müddətdə varlanmaq və ya bir neçə uğur hekayəsinə əsaslanaraq həyatını dəyişmək mümkündür. Əlbəttə, bu cür nümunələr istisna olaraq mümkündür. Lakin onların davamlı şəkildə təbliği gənclərdə yanlış təsəvvür yarada bilər. Çünki hər uğur hekayəsinin arxasında illərlə davam edən təhsil, əmək, intizam, təcrübə və şəxsi inkişaf dayanır.
Gənclərə yalnız nəticəni deyil, həmin nəticəyə aparan yolu da göstərmək lazımdır.
Süni intellektin təsirinin başqa bir tərəfi də insanın real sosial münasibətlərdən uzaqlaşmasıdır. İnsan getdikcə müəyyən qərarlarını, problemlərini və hətta şəxsi münasibətlərini belə virtual sistemlərlə müzakirə etməyə başlayır. Bu isə gələcəkdə insanın ailə, dost, müəllim və cəmiyyətlə münasibətlərinə təsir göstərə biləcək ciddi məsələdir.
Virtual mühitin insan münasibətlərini tamamilə əvəz etməsinə imkan vermək olmaz. Texnologiya insanın həyatını asanlaşdırmalı, onun yerini tutmamalıdır.
Əgər gənc uğur qazanmaq istəyirsə, ilk növbədə oxumalı, təhsil almalı, biliklərini davamlı şəkildə artırmalı və daim öz üzərində işləməlidir. Müasir dünyada texnologiyalar çox sürətlə dəyişir. Buna görə də gənclər bu dəyişikliklərin tempinə uyğunlaşmağa hazır olmalıdırlar.
Dünyadakı inkişafın sürəti bunu açıq şəkildə göstərir. Məsələn, dünən əsasən kütləvi istehsal ilə tanınan ölkələr bu gün dünyanın ən qabaqcıl elektrik avtomobillərini, robotlarını, süni intellekt sistemlərini və yüksək texnologiyalarını istehsal edirlər.
Deməli, biz gənclərimizi gələcəyin sürətinə hazırlamalıyıq. Amma bunu yalnız parlaq uğur hekayələri və yalançı motivasiya üzərindən etmək olmaz. Gənclərə real həyat, zəhmət, təhsil, məsuliyyət, peşəkarlıq və davamlı inkişafın əhəmiyyəti izah edilməlidir.
Əsas məqsədimiz gəncləri texnologiyadan uzaqlaşdırmaq deyil. Əksinə, onlara texnologiyadan düzgün və faydalı istifadə etməyi öyrətməkdir. Çünki gələcəyin dünyasında süni intellekt və digər texnologiyalar həyatımızın ayrılmaz hissəsi olacaq. Məsələ isə bundan ibarətdir ki, həmin texnologiyalar insanı idarə etməsin, insan onlardan düzgün istifadə etməyi bacarsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB