“Uzunmüddətli oturaq həyat tərzi sağlamlıq üçün təhlükə yaradır"

“Uzunmüddətli oturaq həyat tərzi sağlamlıq üçün təhlükə yaradır"

"Müasir dövrdə kompüter qarşısında uzun saatlar işləmək bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, saatlarla eyni vəziyyətdə oturmaq boyun, bel və kürək nahiyəsində ağrıların, əzələ gərginliyinin, duruş pozğunluqlarının və onurğa problemlərinin yaranmasına səbəb ola bilər:

"Bu halda kürəklərdə, boyunda, əsasən sağ qolda (iş prosesində aktiv iştirak etdiyi üçün), dirsək ağrısı, çiyinlərdə olan gərginlik ağrı, başda və qulaqlarda ağrı, küy, narahatlıq, gərginlik, başağrısı, göz almalarında quruma nəticəsində acışma və qızarma müşahidə olunur. Bu riskləri azaltmaq üçün düzgün iş vərdişləri və gündəlik sadə məşqlər böyük əhəmiyyət daşıyır.

Düzgün oturuş qaydaları bunlardır: Baş neytral vəziyyətdə olmalı, çənə irəli çıxmamalıdır.
Çiyinlər rahat saxlanmalı, yuxarı qaldırılmamalıdır.
Bel təbii əyriliyini qorumaq üçün bel dəstəyi istifadə edilməlidir.
Dizlər təxminən 90 dərəcə bucaq altında olmalı, ayaqlar tam şəkildə yerə və ya ayaqaltına söykənməlidir.
Monitor göz səviyyəsində yerləşdirilməli, ekran gözlərdən təxminən 50–70 sm məsafədə olmalıdır.
Klaviatura və siçan dirsəklər təxminən 90 dərəcə bükülü vəziyyətdə rahat istifadə ediləcək hündürlükdəolmalıdır.

Ən böyük səhvlərdən biri saatlarla fasiləsiz oturmaqdır. Hər 30–60 dəqiqədən bir ayağa qalxmaq, 2–5 dəqiqə gəzmək, yüngül dartınma hərəkətləri etmək tövsiyə olunur.
Bu onurğaya düşən yükü azaldır, qan dövranını yaxşılaşdırır və əzələ yorğunluğunu azaldır.
tövsiyə olunan məşqlərdən bir iki misal verə bilərəm. Başı yavaşca sağa və sola əyərək hər tərəfdə 15–20 saniyə saxlayın.
Başı əymədən çənəni yüngül şəkildə geriyə çəkmək boyun düzləşməsini önləyir.
Ayaqüstə əlləri belə qoyaraq beli yavaşca arxaya açın. 8–10 dəfə oturduğunuz yerdə pəncələrin üzərinə yük vermək, dabanı yuxarıya qaldırmaq, ürək damar sistemini aktivləşdirir.

İşdən sonra ən azı 30 dəqiqə piyada gəzmək, üzgüçülük, pilates və ya bel və qarın əzələlərini gücləndirən məşqlərlə məşğul olmaq onurğa sağlamlığının qorunmasına kömək edir.
Ağrı yarandıqda onu uzun müddət görməzlikdən gəlməyin.
Telefon və noutbuka daim aşağı baxmaqdan çəkinin.
Uzun müddət eyni vəziyyətdə qalmayın.
Sağlam bədən çəkisini qoruyun.
Kifayət qədər su qəbul edin və keyfiyyətli yuxuya diqqət yetirin. Ağrı, keyimə, əllərdə zəiflik və ya hərəkət məhdudiyyəti davam edərsə, həkim fizioterapevtə müraciət edin".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə