Uzun müddət qida qəbul etməmək orqanizmdə hansı dəyişikliklər yaradır? - EKSPERT DANIŞDI
"Uzunmüddətli qida qəbulundan imtina etməyin orqanizmə müəyyən təsirləri vardır. Bu proses bədəndə müxtəlif fizioloji dəyişikliklərə səbəb olur. Aclıq bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Bundan əlavə, aralıqlı aclıq modeli də mövcuddur ki, dünya təcrübəsində bu üsul “intermittent fasting” adlandırılır".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, aclıq zamanı orqanizmdə müxtəlif fizioloji mexanizmlər işə düşür:
"Elmi araşdırmalar göstərir ki, uzunmüddətli aclıq dövründə metabolik keçid baş verir. Belə ki, orqanizm əsas enerji mənbəyi kimi qlükozadan, yəni şəkərdən istifadə etmək əvəzinə yağ ehtiyatlarına və keton cisimciklərinə yönəlir. Bu proses adətən aclığın ikinci və ya üçüncü günündən sonra daha intensiv xarakter alır.
Uzunmüddətli aclıq zamanı çəki itkisi qaçılmazdır. Lakin bu itki yalnız yağ toxuması hesabına baş vermir. Çəki itkisinin müəyyən hissəsi əzələ kütləsi və bədəndəki maye ehtiyatlarının azalması ilə bağlıdır. Bu isə xüsusilə aktiv həyat tərzi keçirən və ya idmanla məşğul olan şəxslər üçün risk yarada bilər.
Araşdırmalar göstərir ki, üç gündən artıq davam edən aclıq dövründə hüceyrə səviyyəsində də dəyişikliklər baş verir. Hüceyrələrin yenilənməsi, bərpa prosesləri və bəzi müdafiə mexanizmləri aktivləşə bilir. Bununla yanaşı, uzunmüddətli aclığın müəyyən riskləri də mövcuddur. Elektrolit balansının pozulması, başgicəllənmə, halsızlıq, əzələ itkisi və bəzi hallarda ciddi sağlamlıq problemləri yarana bilər.
Xüsusilə şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün uzunmüddətli aclıq təhlükəli nəticələrə səbəb ola bilər. Buna görə də belə qərarlar mütləq həkim nəzarəti altında verilməlidir.
Aralıqlı aclıq metodları, məsələn 16/8 və ya 5:2 sistemi, bir çox mütəxəssislər tərəfindən daha təhlükəsiz və davamlı yanaşma hesab olunur. Bu üsullar insulin həssaslığını artırmağa, maddələr mübadiləsini optimallaşdırmağa və yağların parçalanmasını sürətləndirməyə kömək edə bilər.
Mütəxəssislər tövsiyə edirlər ki, istər aralıqlı aclığa, istərsə də hər hansı pəhriz proqramına başlamazdan əvvəl orqanizm bu prosesə tədricən hazırlanmalıdır. Aclıqdan çıxış zamanı qəbul edilən qidaların zülal, vitamin və minerallarla zəngin olması xüsusi əhəmiyyət daşıyır. Bu, orqanizmin bərpası və sağlamlığın qorunması üçün vacib şərtlərdən biridir.
Metabolik xəstəlikləri, şəkərli diabeti və digər xroniki problemləri olan şəxslər isə bu cür qidalanma rejimlərini yalnız həkim məsləhəti ilə tətbiq etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB