Niyə insanlar mesajı cavablandırmayanda özünü rədd edilmiş hiss edir? - PSİXOLOQ DANIŞDI

Niyə insanlar mesajı cavablandırmayanda özünü rədd edilmiş hiss edir? - PSİXOLOQ DANIŞDI

"Son dövrlərdə insanların ən çox narahat olduğu məsələlərdən biri mesajlara gec cavab verilməsi və bunun yaratdığı emosional təsirlərdir. Sosial media və mesajlaşma platformaları insan beyninin qədimdən gələn sosial ehtiyaclarını müasir texnologiyalarla birləşdirərək bu hissləri daha da gücləndirib".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, insan sosial varlıqdır. O, daim qəbul olunmaq, təsdiqlənmək və ətrafındakı insanlar tərəfindən dəyərli hiss edilmək istəyir:

"Buna görə də göndərdiyi mesaja cavab almadıqda və ya cavab gecikdikdə bəzi insanlar bunu şəxsi münasibət kimi qəbul edir və özlərində dəyərsizlik hissi yaşamağa başlayırlar.

Əslində isə qarşı tərəfin məşğul olması, həmin an cavab verə bilməməsi və ya başqa işlərlə məşğul olması tamamilə normal hallardır. Lakin insan beyni qeyri-müəyyənliyi sevmədiyi üçün yaranan boşluğu özü doldurmağa çalışır. Təəssüf ki, bu boşluq əksər hallarda mənfi ehtimallarla tamamlanır. İnsan düşünür ki, bəlkə məni görməzdən gəlir, bəlkə məndən inciyib, bəlkə artıq mənimlə maraqlanmır.

Bu reaksiyalar əsasən insanın bağlanma tərzi ilə əlaqədardır. Psixologiyada təhlükəsiz, narahat və qaçınan bağlanma formalarından danışılır. Təhlükəsiz bağlanma tərzinə malik insanlar düşünürlər ki, qarşı tərəf sadəcə məşğuldur və imkan olan kimi cavab verəcək. Narahat bağlanma tərzinə malik insanlar isə vəziyyəti şəxsi münasibət kimi qəbul edərək özlərini günahlandırmağa başlayırlar.

Mesaj gözləməyin bu qədər emosional təsir yaratmasının səbəblərindən biri də beynin mükafatlandırma sistemidir. Mesaj göndərdikdən sonra cavab almaq insanda müsbət emosiyalar yaradır və dopamin ifrazını stimullaşdırır. Cavab gəlmədikdə isə insan yenidən telefonu yoxlayır, bildiriş gözləyir və gözləmə prosesi getdikcə narahatlığa çevrilir.

Araşdırmalar göstərir ki, daim bildiriş gözləmək, sosial şəbəkələri tez-tez yoxlamaq və telefondan həddindən artıq istifadə etmək diqqət dağınıqlığına, səbirsizliyə və emosional dalğalanmalara səbəb ola bilər. İnsan bir işə tam fokuslana bilmir və davamlı olaraq növbəti bildirişi gözləyir.

Əslində problem çox vaxt mesajın özü deyil. Problem daha dərində olan qəbul edilmək, sevilmək, rədd edilməmək və dəyərli hiss olunmaq ehtiyacları ilə bağlıdır. Mesajın gec gəlməsi bir çox hallarda qarşı tərəfin davranışından daha çox insanın öz daxili qorxularını, keçmiş təcrübələrini və bağlanma tarixçəsini üzə çıxarır.

Ona görə də mesajlara gec cavab verilməsini hər zaman şəxsi münasibət kimi qəbul etmək doğru deyil. Çox vaxt bu, sadəcə qarşı tərəfin gündəlik məşğuliyyəti ilə bağlı olur. Vacib olan isə insanın öz dəyərini yalnız başqalarının reaksiyaları üzərindən müəyyənləşdirməməsi və emosional tarazlığını qorumağı bacarmasıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə