90 dəqiqəlik bilet sistemi sərnişinlər üçün nəyi dəyişəcək? - EKSPERT AÇIQLADI

Bakıda ictimai nəqliyyat sistemində yeni dəyişikliklərin tətbiqi gözlənilir. Müzakirə olunan yeniliklər arasında 90 dəqiqəlik vahid bilet sistemi, eləcə də günlük, aylıq və illik bilet paketləri yer alır. Bildirilir ki, bu model sərnişinlərin həm vaxtına, həm də büdcəsinə qənaət etməyə hesablanıb. Bəs yeni sistem vətəndaşların gündəlik nəqliyyat xərclərinə və ümumilikdə ictimai nəqliyyatın keyfiyyətinə necə təsir edəcək? 90 dəqiqəlik bilet sistemi sərnişinlər üçün nəyi dəyişəcək?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatda bilet modellərinin tətbiqi xarici ölkələrin praktikasında geniş yayılıb:

“Xüsusilə tələbələr, yaşlı insanlar və təqaüdçülər üçün belə modellər mövcuddur. Bunun özəlliyi ondan ibarətdir ki, sistem müəyyən limitlər əsasında fəaliyyət göstərir.

Bəzən təqaüdlərin ödənilməsində gecikmələr olsa belə, vətəndaşlar bu imkanlardan istifadə edə bilirlər. Xüsusilə yaşlı insanlar üçün bu daha əlverişlidir.

Dünya praktikasında ümumiyyətlə pulsuz ictimai nəqliyyat modeli də mövcuddur. Bu, sınaqdan keçmiş və daha əlverişli hesab edilən modellərdən biridir. Lakin ödənişli ictimai nəqliyyatdan söhbət gedirsə, burada da müxtəlif prinsiplər tətbiq olunur. İctimai nəqliyyatdan daha çox istifadə edən şəxslər əlavə bonuslar və müəyyən limitlər qazana bilirlər.

Bu bonuslar müxtəlif güzəştlərlə əvəz olunduqda vətəndaş gün ərzində müəyyən ərazilər üzrə işlərini daha rahat şəkildə həyata keçirə bilir və əlavə üstünlüklər əldə edir. Əks halda, vətəndaş ictimai nəqliyyatın inkişaf imkanlarından kənarda qala bilər.

Azyaşlılarla bağlı məsələyə gəldikdə isə, dünyanın bir çox ölkələrində onlar üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olur. Məktəblərin öz nəqliyyat vasitələri də mövcuddur. Dövlət məktəblərində bu xidmət adətən pulsuz təqdim edilir. Əgər məktəb yaşayış yerindən müəyyən kilometr məsafəsində yerləşirsə, bu zaman nəqliyyat xərcləri dövlət tərəfindən qarşılanır və bu da ictimai təhsilin prinsiplərinə uyğun həyata keçirilir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə