Qurban bayramı təkcə dini ibadət deyil, həm də mərhəmət, paylaşmaq, yardımlaşmaq və insanın mənəvi məsuliyyətini xatırladan xüsusi günlərdən biridir. Lakin müasir dövrdə valideynləri düşündürən əsas məsələlərdən biri də budur: uşaqlara bu bayramı necə anlatmaq olar ki, onların həm dini-mənəvi dünyası formalaşsın, həm də heyvan sevgisi zədələnməsin?

SİA mövzu ilə bağlı araşdırma edib.
Xüsusilə azyaşlı uşaqlar heyvanlarla emosional bağ qurmağa meyilli olduqları üçün qurban mərasiminə yanlış və sərt şəkildə şahid olmaları onlarda qorxu, travma, aqressiya və ya heyvanlara qarşı qarışıq hisslər yarada bilər. Psixoloqlar bildirirlər ki, uşağın yaşına uyğun yanaşma burada çox vacibdir. Bayramın mahiyyəti uşağa “kəsmək” üzərindən deyil, “paylaşmaq”, “yardım etmək”, “şəfqət göstərmək” və “ehtiyacı olanı sevindirmək” üzərindən izah edilməlidir.

Qurban bayramını uşaqlara aşılayarkən ilk növbədə onların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, 3-6 yaş arası uşaqlar hadisələrin dini və simvolik mənasını tam anlamırlar. Bu yaşda uşaqlara “Qurban bayramı insanlara kömək etmək bayramıdır”, “bu gün insanlar bir-biri ilə paylaşır” kimi sadə və sevgi dolu izahlar verilməlidir. Heyvanın necə kəsilməsi barədə detallı danışmaq düzgün hesab edilmir. Psixoloqlar qeyd edir ki, bu yaşda uşaqlar gördüklərini birbaşa və emosional qəbul etdikləri üçün sərt görüntülər onlarda qorxu yarada bilər.
7-10 yaş arası uşaqlarda artıq suallar artır. Onlar “niyə qurban kəsilir?”, “niyə heyvan seçilir?” kimi suallar verirlər. Bu mərhələdə valideynlər dini mahiyyəti yumşaq şəkildə izah edə bilərlər. Vacib məqam budur ki, uşağa heyvanlara zülm edildiyi düşüncəsi ötürülməsin. Əksinə, heyvana əziyyət verməməyin, ona düzgün yanaşmağın dinin əsas prinsiplərindən biri olduğu vurğulanmalıdır. Uşağa anlatmaq lazımdır ki, İslamda heyvana işgəncə haram sayılır və qurban ibadətində də əsas məqsəd insanlara yardım etməkdir.
11 yaşdan sonra uşaqlar hadisələri daha analitik dərk etməyə başlayırlar. Bu yaşdan etibarən qurban ibadətinin tarixi, dini və sosial tərəfləri daha geniş izah oluna bilər. Lakin yenə də mərasimdə uşağın psixoloji hazırlığı nəzərə alınmalıdır. Hər uşaq eyni reaksiyanı vermir. Bəziləri sakit qarşılayır, bəziləri isə uzun müddət təsirlənə bilir.

Mütəxəssislər xüsusilə bir məqama diqqət çəkirlər: uşaqları qurbanlıq heyvanla uzun müddət emosional bağ qurmağa təşviq edib daha sonra onun kəsilməsinə şahid etmək düzgün deyil. Uşaq həmin heyvanı dost kimi qəbul etdikdə, sonrakı mərasim onda xəyal qırıqlığı və sarsıntı yarada bilər.
Eyni zamanda uşaqlarda heyvan sevgisini qorumaq üçün bayram günlərində onlara mərhəmət hissini praktik şəkildə göstərmək vacibdir. Məsələn:
•küçə heyvanlarına su və yem qoymaq;
•heyvanlara qarşı kobud davranmamağı öyrətmək;
•“canlılara sevgi Allahın yaratdıqlarına hörmətdir” fikrini aşılamaq;
•qurban ətinin ehtiyacı olan ailələrə paylanmasına uşağı da cəlb etmək.
Belə olduqda uşaq Qurban bayramını qorxu və qan görüntüsü ilə deyil, paylaşmaq və yaxşılıq etməklə əlaqələndirir.
Psixoloqlar bildirirlər ki, uşaqların empati hissinin inkişafında heyvan sevgisinin böyük rolu var. Heyvanlara sevgi göstərən uşaqlarda paylaşmaq, qayğı göstərmək və mərhəmət hissi daha güclü formalaşır. Buna görə də Qurban bayramında valideynlərin əsas vəzifəsi uşağa həm dini dəyərləri, həm də canlılara qarşı həssas münasibəti birlikdə öyrətməkdir.
Əslində Qurban bayramının ruhu da məhz budur: mərhəmət, paylaşmaq, insanlıq və vicdan. Uşağa bu ruh düzgün ötürüldükdə o, həm dinini sevərək öyrənir, həm də heyvanlara qarşı sevgisini itirmir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB