Restoranlarda ət qarışıqlığı: Dəvə əti mal əti adı ilə satılır? - MÜTƏXƏSSİSLƏR DANIŞDI

Son zamanlarda paytaxtda bəzi restoranların istehlakçılara “dəvə qutabı” adı altında mal ətindən hazırlanan qutabı verməsi iddiaları gündəmə gəlib. Mütəxəssislərin fikrincə, bu cür kimi halların baş verməsinin səbəbi məhsulun düzgün etiketlənməməsi, restoranlarda xammalın mənşəyi ilə bağlı qeyri-dəqiq məlumat verilməsi və ucuz ət növlərinin daha baha mal əti adı ilə təqdim olunması göstərilə bilər.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov SİA-ya açıqlamasında bildirib ki, uyğun baytarlıq sənədləri olmadan bu cür ət məhsullarının ümumiyyətlə ictimai iaşə müəssisələrinə satışı və istifadəsi qanunvericiliyə əsasən qəti şəkildə qadağandır:

“Xüsusilə də nadir və spesifik məhsul sayılan dəvə əti təqdim edilirsə, onun mənşəyini, sağlamlıq vəziyyətini və sanitar-gigiyenik normalara uyğunluğunu təsdiq edən müvafiq baytarlıq arayışları, sertifikatlar və müşayiətedici sənədlər mütləq olmalıdır. Bununla belə, bəzi hallarda ayrı-ayrı restoran və iaşə obyektlərində istehlakçıların aldadılması halları müşahidə olunur. Belə ki, dəvə əti adı altında başqa heyvan ətlərinin təqdim edildiyi, məhsulun əsl mənşəyinin gizlədildiyi iddia edilir. Bu cür hallarda ətin dadını, qoxusunu və ümumi xüsusiyyətlərini dəyişmək məqsədilə onun yağlılıq dərəcəsi süni şəkildə artırılır və ya müxtəlif üsullarla turşuluğu yüksəldilir ki, istehlakçı məhsulun əsl növünü ayırd edə bilməsin”.

Azərbaycanda kütləvi dəvə əti istehsalı olmadığından, mal əti adı ilə dəvə ətinin verilməsi şübhə doğurur. Azərbaycanda dəvə təsərrüfatı çox kiçikdir. Rəsmi statistikaya görə ölkədə təxminən 300 baş dəvə mövcuddur və kütləvi istehsal yoxdur. Azərbaycanda dəvə təsərrüfatları hələ ki geniş yayılmayıb və ölkədə yalnız məhdud sayda təsərrüfat fəaliyyət göstərir. Ən çox Hacıqabul, Abşeron, Cəbrayıl, Bərdə, Sabirabad və Qobuda yerləşən fərdi və kiçik sahibkarlıq təsərrüfatlarında dəvələr saxlanılır. Məsələn, Hacıqabul rayonunda fəaliyyət göstərən bəzi təsərrüfatlarda 150–200 baş dəvə var və onların sayı son illərdə artmaqdadır. Ümumilikdə Azərbaycanda dəvələrin sayı təxminən 200–360 baş civarındadır.

Dəvə təsərrüfatının rentabelliyi əsasən heyvanın məhsuldarlığı və bazara çıxış imkanlarından asılıdır. Dəvə ətinin kiloqramı ölkə daxilində təxminən 16–17 manat civarında satılır və bir dəvə 300–400 kiloqram ət verir. Bu, təsərrüfatın gəlirliyini göstərir. Xərclər nisbətən azdır, çünki dəvələr çöl şəraitində özlərini qidalandıra bilir və əsasən yalnız qış aylarında əlavə yemə ehtiyac duyurlar. Lakin dəvələr təxminən hər iki ildən bir bala verdikləri üçün sürünün böyüməsi nisbətən yavaşdır. Dəvə məhsullarının satışının əsas hissəsi daxili bazara yönəlib, ixrac potensialı isə hələ inkişaf mərhələsindədir. Buna görə dəvə təsərrüfatı düzgün idarə olunduqda rentabelli biznes ola bilər.

Bəs, dəvə ətini digər ətlərdən necə ayırmaq olar?

Araşdırmalara görə, dəvə ətini mal ətindən ayırmaq ev şəraitində çətin olsa da, bəzi göstəricilər mövcuddur. Dəvə əti rəngi tünd qırmızıdan qəhvəyi-qırmızıya qədər ola bilər, lifləri daha sərt və yağ paylanması fərqlidir, dadı isə bişdikdə mal ətindən fərqli, şirin və spesifik aromaya malikdir. Lakin dəqiq müəyyən etmək üçün laboratoriya şəraitində analiz aparmaq daha doğru yoldur.

Bəzən ət köhnə və keyfiyyətsiz ola bilər. Qida mütəxəssisi Asim Vəliyevin sözlərinə görə, bu hallarda bəzi istehsalçılar ətin görünüşünü yaxşılaşdırmaq və müştəriyə təravətli kimi təqdim etmək üçün müxtəlif qatqı maddələrindən istifadə edirlər:

“Bu qatqılar əti daha cəlbedici göstərsə də, sağlamlıq üçün risk daşıya bilər, çünki köhnəlmiş və ya düzgün saxlanılmamış ət bakteriya və zəhərli maddələr üçün əlverişli mühit yaradır. Ətin keyfiyyətini qiymətləndirərkən onun mənşəyi və necə kəsildiyi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, heyvanın saxlanma şəraiti, qidalanması və yaşadığı mühit ətin tərkibinə birbaşa təsir göstərir. Təbii ki, ətin daşınması, saxlanması və emal prosesi də onun təhlükəsizliyi üçün çox önəmlidir. Soyuducu və dondurucu şəraitin düzgün təmin edilməməsi, uzun müddət açıq havada saxlanması və ya istilik dəyişiklikləri ətin keyfiyyətini aşağı sala bilər.

Emal zamanı çarpaz çirklənmə hallarının baş verməsi də ciddi problemlərə səbəb ola bilər. Məsələn, eyni kəsmə lövhəsi və bıçaqdan həm çiy, həm də bişmiş məhsullara istifadə olunması, ya da ətdən digər məhsullara keçə biləcək bakteriyalar zəhərlənmə riskini artırır. Ən təhlükəli vəziyyət isə ətdən qida zəhərlənməsinin baş verməsidir. Bu hal ciddi sağlamlıq problemlərinə, hətta bəzi hallarda ölümcül nəticələrə gətirib çıxara bilər”.

Buna görə də ət alarkən onun mənşəyinə diqqət etmək, düzgün saxlanmasına və təmiz emal prosesinə önəm vermək vacibdir. İstehlakçıların da ətdə görünüş və qoxuya diqqət yetirməsi, mümkün qədər sertifikatlı və etibarlı mənbələrdən məhsul alması tövsiyə olunur.

Görünən odur ki, Azərbaycanda dəvə təsərrüfatları hələ ki kiçik miqyasda olsa da, düzgün idarə olunduqda və bazar imkanları genişləndikdə rentabelli biznes sahəsi ola bilər. Əsas amillər: düzgün qidalanma, uyğun saxlanma şəraiti və məhsulların satış bazarlarının inkişaf etdirilməsidir.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə