“Din və müəllimlik cəmiyyətdə necə düzgün təqdim olunmalıdır?” - Anar İsgəndərov

“Sovet dövründə dinin inkar edildiyi bir şəraitdə dini inanclara sahib olan insanlar ciddi təzyiqlərə məruz qalırdı. Onlar uzun illər ərzində damğalanır, ‘islah’ olunmağa çalışılırdı. Amma bu gün həmin insanlar haqqında cəmiyyətdə böyük hörmətlə danışılır. Bu, tarixdə yaşanan ən böyük ədalətsizliklərdən və ziddiyyətlərdən biridir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Komitə sədri bildirib ki, özü həm dünyəvi təhsil almış, həm müəllim kimi fəaliyyət göstərmiş, eyni zamanda dini biliklərə də yiyələnmiş bir şəxs kimi mövzuya daha çox praktik təcrübə əsasında yanaşır: “Mən nəzəriyyədən çox, gördüklərimə və yaşadıqlarıma əsaslanıram. 1920–30-cu illərdə ölkəmizdə din xadimlərinə qarşı ağır repressiyalar aparıldı. Sovet dövründə din qadağan edilsə də, insanlar gizli şəkildə ibadətlərini davam etdirirdilər. Bəzən savadsız, lakin Quran oxuya bilən şəxslər belə molla kimi qəbul olunurdu".

Anar İsgəndərov vurğulayıb ki, dini daşımaq və bu adı daşıyan şəxs olmaq böyük məsuliyyətdir: “Mənim düşüncəmdə din adamı ən ədalətli insan olmalıdır. Müəllim və din xadimi üçün birinci keyfiyyət ədalət, ikinci əxlaq, üçüncü isə nəfsə sahib olmaqdır. Yalnız bu xüsusiyyətlərə malik insanlar cəmiyyət üçün örnək ola bilərlər".

O, uşaqlıq xatirələrinə də toxunaraq bildirib ki, sovet dövründə dini dəyərlər məhdud şəkildə yaşadılırdı: “Bayram günlərində insanlara cəmi bir neçə gün ibadət etməyə, qəbiristanlığa getməyə icazə verilirdi. Bir uşaq kimi mən bu mənzərəni görərək formalaşırdım. Hətta məscidə yaxınlaşanda belə ‘biz özümüz oxuyarıq’ deyərək insanları çəkindirirdilər".

Komitə sədri çıxışında təhsil sistemində mövcud çətinliklərə də diqqət çəkib: “Biz hər il orta məktəblərdə oluruq və görürük ki, müəllimlər öz üzərlərinə düşən bu məsuliyyətli işi yerinə yetirərkən çətinliklərlə üzləşirlər. Bu problemləri aradan qaldırmaq üçün ciddi və davamlı iş aparılmalıdır. Təhsilin məqsədi yalnız dərsi keçmək deyil, həyat üçün lazım olan bilikləri formalaşdırmaqdır".

Anar İsgəndərov qeyd edib ki, dini düşüncə imtahan mövzusu olmasa da, onun cəmiyyətə təqdim olunma forması olduqca vacibdir: “Əsas məsələ ondan ibarətdir ki, dini biliklər kim tərəfindən və necə təqdim olunur, insanlar bunu necə qavrayır. Bu, gələcək nəsillərin formalaşmasına birbaşa təsir göstərir".

O, ali təhsillə bağlı təcrübəsindən danışaraq vurğulayıb ki, müəllimin şəxsiyyəti hər zaman yadda qalır: “Mən bu illər ərzində bir şeyi dəqiq müəyyən etmişəm: ali məktəbdə ölçü yalnız imtahan deyil. Təqvalı, dürüst müəllimlər bu gün də hörmətlə xatırlanır və onlar haqqında ‘Allah rəhmət eləsin, çox dəyərli insan idi’ deyirik. Bu, əsl müəllim və insan dəyərinin göstəricisidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə