"Təkcə 21 Sentyabr deyil, sülh bütün günləri əhatə etməlidir. Hər bir insan bu dünyaya sülh şəraitində, xoşbəxt yaşamaq üçün gəlir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bəşəriyyətin bir hissəsinin bütün həyatını müharibələr, işgəncələr və qarşıdurmalar içində keçirməsi isə böyük faciədir: "Dünyanın düşünən beyinləri və sülhü yaratmağı bacaran qüvvələri sülhün bərqərar olması üçün daim mübarizə aparmalıdırlar. Bunun üçün çox şey lazım deyil, sadəcə beynəlxalq hüququn əsas normalarına əməl etmək kifayətdir. Ədalət və qarşılıqlı hörmət prinsiplərinə söykənən münasibətlər dünyada uzunmüddətli sabitliyin təminatçısı ola bilər. Azərbaycan bunun ən gözəl nümunəsini göstərdi. İşğaldan azad olunmuş torpaqlarda yaşayan bütün xalqlara dinindən, dilindən, milliyyətindən asılı olmayaraq böyük hörmət və qayğı ilə yanaşır. Eyni zamanda azad edilmiş bölgələrdə quruculuq işləri aparılır, yeni həyat, yeni imkanlar yaradılır. Bu səbəbdən də 21 Sentyabr təkcə simvolik bir gün deyil, həm də bəşəriyyət üçün çağırış olmalıdır. Hər kəs sülh naminə öz sözünü deməli, üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Yalnız bu halda biz dünyanı müharibəsiz, qarşıdurmasız və firavan gələcəyə doğru apara bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə