"Biz multikultural cəmiyyətik və ənənələri yaşatmaq bizim borcumuzdur" - SOSİOLOQ ŞƏRH ETDİ
"Yardımlaşma, filantropiya və bölüşmə mədəniyyəti Azərbaycan cəmiyyəti üçün həmişə xarakterik olub. Azərbaycan xalqı multikultural bir cəmiyyətdir. Cəmiyyətimiz həmişə bir-birinə dayaq durub". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, hələ orta əsrlərdə Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi deyirdi:
“Bizdə bərabərdir hamının varı, bərabər bölərik bütün malları. Bizdə artıq deyil, heç kəsdə heç kəs bizdə ağlayana heç kimsə gülməz”.
"Bu da göstərir ki, orta əsrlərdən bu yana Azərbaycanda həmişə filantropik dəyərlər, paylaşma və bölüşmə mədəniyyəti mövcud olub. Bu, həm İslama qədərki dövrdə, həm də İslam dövründə özünü göstərib. Dədə Qorqud dastanlarında və Azərbaycan ağız ədəbiyyatında da bu dəyərlər öz əksini tapıb. İslam dinində belə bir maraqlı məqam var: sağ əlin verdiyini sol əl bilməməlidir. Bu, əxlaqlı bir yanaşmadır. Amma yaxşı nümunələrin, örnəklərin yayılması üçün media vasitəsilə paylaşılması da mümkündür – təbii ki, bunu özünü reklam məqsədilə yox, örnək olmaq və təşviq üçün etmək lazımdır. Əgər kimsə paylaşdığı yardımla bağlı mükafat gözləyirsə, bu, artıq mənəvi çatışmazlıqdır. Bu örnəkləri yaymaq lazımdır ki, insanlar arasında korporativ sosial məsuliyyət və paylaşma mədəniyyəti artsın. Bu, həm dinimizdə var, həm də milli-mənəvi dəyərlərimizdə. Azərbaycan atalar sözlərində də deyilir: “Sevinci bölərsən, çoxalar; kədəri bölərsən, yox olar.”
Azərbaycan cəmiyyəti sosial cəmiyyətdir. İnsanlar hər zaman bir-birinin dərdini bölüşüb. Məhz buna görə də Azərbaycanda intihar və sosial təcrid halları az olub. İnsanlar problemlərini paylaşmağı bacarıb. Bəzən isə olur ki, bəzi insanlar xırda yardımı özünü tərif üçün nümayiş etdirir. Bu, etik baxımdan doğru deyil. Amma filantrop dəyərlərin, xeyriyyəçilik nümunələrinin tanıdılması müsbət haldır.
Ölkə başçısı da zaman-zaman çıxışlarında qeyd edir ki, sahibkarlar təkcə gəlir deyil, sosial məsuliyyət də daşımalıdır. Bu, dövlətin deyil, bütövlükdə cəmiyyətin məsələsidir. Və biz bu dəyərləri gələcək nəsillərə sosial varislik yolu ilə ötürməliyik – eqoist şəkildə yox, əxlaqi formada. Bu, bizim millətimizin xarakterindən və təbiətindən doğur. Biz multikultural cəmiyyətik və bu ənənələri yaşatmaq bizim borcumuzdur".
Bütün xəbərlər Facebook səhifəmizdə