"Robotlarla birgə yaşamaq cəmiyyət üçün dərin sosial məsuliyyət tələb edir" - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ
"Gələcəkdə robotların insanlarla bərabər şəkildə yaşaması artıq elmi-fantastik ssenaridən çıxaraq real perspektivə çevrilir. Bu inkişafın etik və hüquqi baxımdan bir sıra suallar və problemlər doğuracağı şübhəsizdir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, ən vacib məsələlərdən biri insanla robot arasında status fərqinin müəyyən olunmasıdır. Robotlar hüquqi baxımdan şəxs sayılacaqmı? Onlara hər hansı hüquq veriləcəkmi? Bu suallar hüquq və etika sahəsində ciddi müzakirələrə səbəb olur: "Əgər süni intellektə malik robotlar müəyyən qərarlar verə bilirsə, bu zaman onların hərəkətləri üçün məsuliyyət daşıyan kim olacaq – istehsalçı, istifadəçi, yoxsa robotun özü?
İkinci mühüm məsələ əmək bazarına təsirdir. Robotların insan əməyi ilə rəqabət aparması sosial bərabərsizlik və işsizlik səviyyəsində artım kimi problemləri gündəmə gətirə bilər. Bu isə sosial narazılıqların və təbəqələşmənin dərinləşməsinə yol aça bilər. Etik baxımdan isə insan-robot münasibətlərində emosional və mənəvi sərhədlərin müəyyənləşdirilməsi vacibdir. İnsanların robotlara emosional bağlanması, onları ailə üzvü, dost və ya hətta partnyor kimi görməsi cəmiyyətin psixoloji və mədəni strukturlarında yeni dilemmlərə səbəb ola bilər. Bundan başqa, məxfilik və nəzarət məsələləri də ciddi risklər yaradır. Süni intellektin topladığı məlumatların necə və kim tərəfindən istifadə olunacağı, insan hüquqlarının qorunub-qorunmayacağı, robotların manipulyasiya üçün alətə çevrilə biləcəyi kimi suallar bu sahədə geniş hüquqi çərçivəyə ehtiyac olduğunu göstərir.
Sonda qeyd etmək olar ki, robotlarla birgə yaşamaq yalnız texnoloji deyil, həm də dərin sosial məsuliyyət tələb edir. Bu məsələni gələcək üçün sağlam əsaslarla tənzimləmək cəmiyyətin bütövlüyü və insan ləyaqətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə