"Texnologiyanın həyatımıza inteqrasiya olunması, xüsusilə də uşaqların planşet, telefon və kompüter kimi ekranlı cihazlara uzunmüddətli məruz qalması göz sağlamlığına zərər verən əsas risk faktorlarından birinə çevrilib. “Dijital dünya” istifadəsində artım, görmə qüsurlarının daha erkən yaşlarda və daha yüksək tezliklə müşahidə olunması, “dijital göz yorğunluğu” sindromu (göz əzələlərinin yorulması, qızartı, quru göz, bulanıq görmə, baş ağrısı və göz ətrafında ağrı) yaranması ilə nəticələnir. Gözdə yaranan bu problemlər göz xəstəliklərinin yaranmasının əsas səbəblərindəndir". Bu barədə SİA-ya İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyindən bildirilib.
Agentlikdən bildirilib ki, uşaqlarda ekran asılılığı refraksiya qüsurlarının daha erkən yaşlarda müşahidə olunmasına gətirib çıxarır: "Refraksiya qüsurları gözün torlu qişasında təsvirin fokuslanmasının pozulması nəticəsində görmə itiliyinin zəifləməsi ilə xarakterizə olunan oftalmoloji xəstəliklər qrupudur.
Əsas refraksiya qüsurları miopiya (uzağı yaxşı görməmək), hipermetropiya (yaxını yaxşı görməmək) və astiqmatizmdir (bulanıq və qeyri-dəqiq görüntü). Bu xəstəliklərin hər biri ambliopiya (tənbəl göz) riskini artırır, əgər vaxtında aşkarlanmazsa, qalıcı görmə zəifliyinə gətirib çıxara bilər. Geniş yayılmış uzağı yaxşı görməmək problemi xüsusilə ekrana yaxın məsafədən baxmaq və açıq havada az vaxt keçirmək səbəbindən yaranır.
Uşaqlıq dövrü görmə orqanının sürətlə inkişaf etdiyi önəmli dövrdür. Refraksiya pozğunluqları dünyada hər 4 uşaqdan birində müşahidə edilir və erkən aşkarlanmadıqda görmədə inkişaf geriliklərinə səbəb olur. Zəif görmə yalnız təhsil həyatına deyil, həm də uşağın sosial və emosional inkişafına da təsir göstərir.
Genetik faktorla yanaşı, uzunmüddət yaxın məsafəli oxuma, yazma, ekran istifadəsi, gözün akkomodativ əzələlərini yükləyərək görmə funksiyasının balansını poza bilər. Sadalanan bütün hallar "dijital göz yorğunluğu" sindromu və miopiyanın yaranmasına gətirib çıxara bilər.
Erkən müayinələr görmə qüsurları riskini azaldır. Müntəzəm müayinələrin 3-6 yaş aralığında aparılması tövsiyə olunur. İlk 6 ayda ilkin göz strukturlarının qiymətləndirilməsi, 3 yaşda görmə kəskinliyinin yoxlanılması, 5-6 yaşda isə məktəböncəsi görmə müayinələrinin və daha sonra hər il ümumi oftalmoloji müayinələrin edilməsi məsləhətdir.
Gün ərzində 20-20-20 qaydasına əməl etmək (hər 20 dəqiqədən bir, 20 fut (6 metr) uzağa 20 saniyə baxmaq), ən az 1-2 saat açıq havada gəzinti, ekranların göz səviyyəsindən bir qədər aşağıda yerləşməsi, ekran parıltısının azaldılması tövsiyə olunur.
Nəticə etibarilə, uşaqlarda refraksiya pozğunluqları müasir həyat tərzi və texnologiya ilə sıx əlaqəlidir. Bu səbəbdən erkən diaqnoz və profilaktik tədbirlər uşaqların göz sağlamlığının qorunmasında mühüm önəm daşıyır. Uşaqlarda göz sağlamlığının qorunması üçün sistemli erkən diaqnoz, profilaktik tədbirlər, valideyn nəzarəti, ekran istifadəsi vaxtının məhdudlaşdırılması mühüm amillərdir.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə oftalmoloqun müayinəsi, göz müayinəsi paketi - vizometriya, aftorefraktometriya, eynək müayinəsi, göz təzyiqinin yoxlanılması, göz dibinin müayinəsi, keratatopoqrafiya, biometriya və digər müayinələr daxildir. Sözügedən müalicə metodu da icbari tibbi sığorta hesabına qarşılanır.
Xidmətlər Zərfi ilə təminata alınan sözügedən tibbi xidmətlərdən ixtisaslı həkim təyinatı ilə tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında yararlanmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə