Naxçıvandan xoş təəssüratlarla... - FOTOLAR

Prof. Himmet Karadal: Naxçıvanda keçirilən Süni intellektlə bağlı elmi konfransı beynəlxalq standartlara uyğun təşkil olunmuşdur

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın çoxşaxəli inkişafı çərçivəsində həyata keçirilən elm və təhsil strategiyası təkcə Azərbaycana deyil, bütün türk dünyasına bu sahədə də böyük uğurlar qazandırıb. Naxçıvanda keçirilən “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda beynəlxalq elmi konfrans bu istiqamətdə qazanılan nailiyyətlər sırasında öndə olan məsələlərdəndir.

Əvvəla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rusiyanın "Cənub" Universitetinin (Southern University - IMBL) birgə təşkilatçılığı ilə keçirilən konfrans mahiyyətcə hazırda qlobal məkanda beynəlxalq ictimaiyyəti düşündürən, maraqlandıran və narahat edən bir sahəni əhatə edir. Digər tərəfdən isə konfransın iştirakçı kontingenti və yüksək təşkilatçılıq xüsusilə təqdirəlayiqdir.

Beynəlxalq Sahibkarlıq və Sosial Elmlər Konfransının (EMI Konfransı) həmtəsisçisi, türkiyəli professor Himmet Karadal “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı olaraq Azərbaycandan xoş təəssüratlarla ayrılıb.

Prof. Himmet Karadalın SİA-ya verdiyi özəl açıqlamaya görəŞ elmi konfrans çərçivəsində “Cənub” Universitetinin rektoru, professor İmran Əkbərov ilə keçirilən görüşdə “Business Eurasia” ilə EMI arasında işbirliyinə qərar verilib. EMI Konfransı ilə “Business Eurasia”bir sıra məsələlərdə beynəlxalq elm ictimaiyyətini düşündürən prinsiplərə ortaq yanaşma sərgiləyirlər.

Prof. Himmet Karadal deyib: “28 May- Müstəqillik Günü münasibəti ilə Naxçıvanda təşkil olunan bayram mərasimlərinə qatılmaqdan xüsusilə bəxtiyar oldum. Bu çərçivədə keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına göstərdiyim xidmətlərə görə, plaket və Xarı-Bülbül mükafatını almaqdan çox məmnunam. Xalqlarımıza və dövlətlərimizə, ümumilikdə türk dünyasına xidmət etmək qəlbimizin hökmüdür. Bununla bərabər hər bir mükafat millətimizə xidmət həvəsimizi daha da yüksəldir.”

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin təşkil etdiyi tədbirdə hörmətli qonaq qismində iştirak etdiyindən şərəf duyduğunu ifadə edən Prof. Himmet Karadal dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə, bu təhsil ocağının rəhbəri Məhəbbət Babayeva və onun müavini Fətəli Axundzadə başda olmaqla Kollecin bütün kollektivinə səmimi minnətdarlığının çatdıraraq əminliklə deyib ki, Naxçıvan Musiqi Kolleci yüksək peşəkarlıqla dünya şöhrətli mədəniyyət təyinatlı təhsil mərkəzi olaraq zirvələri fəth edəcək. Türkiyəli alim ölkəsinin Naxçıvan Muxtar respublikasındakı Baş konsulu Asip Kaya ilə görüşdən də xoş xatirələrlə ayrılıb.

Prof. Himmet Karadal fikirlərini belə tamamlayıb: “Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu, Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsi hər birimizin, xüsusilə hər bir ziyalının, elm insanının qarşısında təxirəsalınmaz milli vəzifələr qoyur. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qürurumuz və iftixar məkanımızdır. Böyük Tanrı, birliyimizi və gücümüzü qorusun”.

Sabir Şahtaxtı, müstəqil jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə