Kürdəmirdə “Peşə sərgisi” festivalı keçirilib

Kürdəmir rayonunda “Peşə sərgisi” festivalı təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbir Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Peşə Liseyi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Festival “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dəstək verilməsi və peşə təhsilinin təbliğ olunması məqsədi daşıyıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirin keçirildiyi parkda qurulan stendlərdə kənd təsərrüfatı, elektrik montajı, kompüter proqramlaşdırılması, bərbərlik, aşpazlıq və digər sahələrə aid alət və avadanlıqlar sərgilənib. Festivalın iştirakçıları stendlərlə tanış olublar, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Böyük Qayıdışın çərçivəsində keçmiş məcburi köçkünlərin iş imkanlarının artırılması mövzusuna həsr olunan tədbirdə Milli Məclisin deputatı Vüqar Bayramov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digərləri iştirak ediblər.

Festivalda Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda təşkil olunmuş qısamüddətli peşə hazırlığı kurslarını uğurla başa vuran məzunlara sertifikatlar da təqdim edilib.

Sertifikatların təqdim olunması zamanı çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov bildirib ki, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara edilmiş yeni dəyişikliklər işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlar üçün peşə təhsilini daha əlçatan edir. “2025-2026-cı tədris ilindən başlayaraq dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş vətəndaşların təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək. Bu təşəbbüs, təkcə, peşə bacarıqlarının inkişafı deyil, həm də işğaldan azad edilmiş torpaqlarda dayanıqlı məşğulluğun təmin olunması baxımından strateji əhəmiyyət daşıyır”, – deyə agentliyin sədri vurğulayıb.

Kürdəmir Peşə Liseyində bərbər-vizajist peşəsinə yiyələndiyinə görə sertifikat alan, uzun illər Kürdəmirdə yaşayan, əslən Füzuli rayonundan olan Gülyaz Şahbazova doğma yurduna qayıdandan sonra bu işlə məşğul olacağını bildirib: “Tezliklə doğma yurdumuza qayıdacağıq, orada işləyəcəyəm. Hansısa bir peşəyə yiyələnmək vacibdir. Bu istəyimi Kürdəmir Peşə Liseyində gerçəkləşdirdim”.

Kürdəmir Peşə Liseyinin müəllimi, Gülyazın təhsil aldığı qrupun rəhbəri Əsmər Tağıyeva tələbələrinin uğuruna sevindiyini diqqətə çatdırıb: “Tələbələrimiz saçın kəsilməsini, rənglənməsini və makiyajın bütün sirlərini mənsimsəyiblər. Onlara üz və saç üçün lazım olan vasitələr, saç kəsiminin müxtəlif texnikaları, eləcə də, keratindən istifadə qaydaları nəzəri və praktiki cəhətdən öyrədilib. Bu peşəyə yiyələnən xanımlar azad olunmuş torpaqlarda həm işləyəcək, həm də öz ailələrinin rifahını yaxşılaşdıracaqlar”.

Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımıza qayıdan həmvətənlərimiz üçün peşə kurslarının təşkili onlara böyük köməkdir. Peşə təhsili almış şəxslər doğma yerlərinə dönəndən sonra müvafiq sahədə çalışacaq və sosial ehtiyaclarını təmin edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə