Adımıza saxta sosial şəbəkə hesabı açanlar qanunla necə cəzalandırılır? - AYDINLIQ GƏTİRİLDİ

“Son zaman insanlar sosial şəbəkələrdə saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradırlar. Saxta profil və səhifələr isə müxtəlif məqsədlər üçün yaradılır”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.


Fariz Əkbərov sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə” adlı 148-1-ci maddəsində qeyd edilir ki, “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, böhtan dedikdə isə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur.

Şəxs saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə etmədən də kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında hər hansı şəxsi təhqir etməsi və ya böhtan atması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 (böhtan) və ya 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə səbəb olunur.
Kibercinayətkarlığın araşdırılması ilə Dövlət Təhlükəsizliyi Xidməti, saxta profillərin açılması kimi işlərlə isə Daxili İşlər Nazirliyi məşğul olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə