İşğaldan azad olunmuş ərazilərə köç prosesi davam edir. Eyni zamanda, bərpa-yenidənqurma və quruculuq işləri də həyata keçirilir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
O bildirib ki, Xocalı şəhərinə və rayonun Ballıca kəndinə artıq bir neçə köç prosesi olub. Ballıca kəndində hazırda 90 ailə yaşayır. Burada hər cür infrastruktur yaradılıb, iş yerləri var, məktəb, uşaq bağçası fəaliyyət göstərir. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir.
“Xocalı strateji mövqeyə malik ərazidir. Burada hava limanının, dəmir yolunun olması Xocalını nəqliyyat qovşağına və logistika mərkəzinə çevirir. Xoşbəxtik ki, biz bu günləri yaşayırıq. Bu gün Xocalıdayıq. Buna görə Ali Baş Komandana, Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk, şəhidlərin ruhları qarşısında baş əyirik, qazilərin tezliklə şəfa tapmasını diləyirik”, - deyə Afət Telmanqızı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə