"İntihar cəmiyyət həyatında müşahidə olunan çox ciddi problemlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
O bildirib ki, intiharın müxtəlif səbəbləri var: "Əvvəl onu qeyd edim ki, XIX əsrin sonlarına qədər intihar probleminə ancaq psixoloji problem kimi yanaşırdılar. Bir şəxs intihar edirsə, demək, onun psixoloji problemləri var. Lakin məşhur fransız sosioloqu Emil Dürkheym "İntihar" əsərini yazmaqla həmin dövrə qədər olan baxışları dəyişdi. Elmi cəhətdən isbat etdi ki, intihar həm də sosioloji problemdir. Kənar təsirlərdən qaynaqlana bilir. İntihar edən şəxslərin təkcə psixoloji problemi deyil, onların cəmiyyət həyatında qarşılaşdığı digər problemlər də fərdlərin intihar etməsinə gətirib çıxara bilir.
İntiharın konkret səbəblərinə gəldikdə isə bu, sosial-iqtisadi amillərlə bağlı ola bilər. Maddi çatışmazlıq və sair ola bilər. İntihar müxtəlif ölkələrdə müxtəlif səbəblərə görə dəyişə bilir. Bir ölkədə əsasən sosial-iqtisadi səbəblər intihara səbəb olan amillərdirsə, digərlərində iqlim şəraiti ilə bağlı, mənəvi dəyərlərin deqradasiyasi ilə bağlı ola bilər. Eyni zamanda informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı ola bilər. Hələ on illər öncə Cənubi Koreyada aparılan sosioji tədqiqatlar həmin ölkədə intiharların əsasən informasiya texnologiyalarının sürətli inkişafından qaynaqlandığını qeyd edirdi. Məsələn, Çində intihar çox ciddi problemdir. Hətta Çində məşhur intihar körpüsü var. Bu, müxtəlif ölkələrə görə dəyişə bilir. Faktiki reallıq odur ki, informasiya texnologiyalarının sürətli inkişafı, smartfonların meydana çıxması hədsiz dərəcədə asılılıq yaratmışdır. Fərdin mənəvi, psixoloji durumuna çox kəskin təsir etmişdir. Müşahidə olunan əsas problemlər robotlaşma, zombiləşmə, mənəvi dəyərlərin deqradasiyası, bütün bunlar smartfonlardan hədsiz asılılıq bir an belə kənarda qala bilməmə vərdişləri artıq çox ciddi sosial problemə çevrilmişdir".
"Aparılan sosioji tədqiqatlar da göstərir ki, müasir dövrdə intihara səbəb olan səbəblər içərisində informasiya texnologiyalarının sürətli inkişafı və smartfonlardan hədsiz asılılıq var. Smartfonlar ənənəvi telefonlardan kəskin fərqlənir. Fərdin sosial platformalara çıxışını təmin edir, geniş ünsiyyət vasitələri təqdim edir, oradakı tanışlıqlar, radikal, kəskin, hansısa videoçarxların izlənməsi buraya aiddir. Yaxud da, yaşa görə qadağalar ki, fərdin 12-13 yaşı var, amma smartfonda 18 yaşdan yuxarıya nəzərdə tutulmuş film izləyir. Orada kəskin səhnələr var. Sanki buna baxdıqdan sonra onun düşüncəsində radikal dəyişikliklər yaranmağa başlayır. Özünü izlədiyi filmin qəhrəmanı kimi aparmağa çalışır. Bu isə real həyatdan uzaqdır. Bu kimi yüzlərlə misal göstərə bilərik ki, fərdin psixoloji halına təsirini buraxır. Beləcə intiharlara yol açır. Nə olursa olsun birmənalı şəkildə qeyd edirəm ki, intihar çıxış yolu deyil" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə