Ağdam rayonunda maarifləndirici treninqlər davam edir - FOTOLAR

119 saylı Ağdam kənd seçki dairəsi Dairə Seçki Komissiyasında yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində treninqlər davam edir. SİA xəbər verir ki, treninqlərdə seçki dairəsinin 39 məntəqəsi üzrə aşağı seçki komissiyalarının 234 üzvü iştirak edir. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş İlham Xəlilov və Fərrux Tağıyev tərəfindən aparılır. Treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.

Təlim prosesində iştirakçılar MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər. Məşğələlər zamanı səsvermə prosedurlarına dair praktiki tapşırıqlar icra olunur, müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.

Dairə üzrə 8 bələdiyyəyə, ümumilikdə, 84 üzv seçiləcək. Qeydə alınan namizədlərin sayı 170 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə