"Davamlı çirklənmə yalnız fərdi səviyyədə deyil,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Hava çirkliliyi müasir dövrdə əsas problemlərdən biridir və bu təkcə təbiətə deyil, həm də insan sağlamlığına ciddi təsir göstərir. Xüsusilə tənəffüs sistemi hava çirkliliyindən daha çox əziyyət çəkən orqanlardan biridir. Havada mövcud olan zəhərli maddələr nəfəs alarkən bizim ağciyərlərimizə daxil olaraq bir çox xəstəliklərə səbəb ola bilər. Hava çirkliliyi müxtəlif mənbələrdən yaranır. Bunlara avtomobil nəqliyyatı, sənaye fəaliyyəti, ev yanacaqları, toz fırtınaları və meşə yanğınları kimi təbii mənbələr daxildir". Bu sözləri SİA-ya açıqlamasında terapevt Günay Müsayeva deyib.

Həmçinin o qeyd edib ki, hava çirkliliyinin tənəffüs sisteminə mənfi təsirləri özünü bir neçə formada büruzə verə bilər. "Birincisi kəskin təsirlərdir ki, hava çirkliliyinə məruz qalmaq tənəffüs yollarının qıcıqlanmasına səbəb olaraq öskürək, nəfəs darlığı, boğaz ağrısı kimi simptomlar müşahidə edilə bilər. Astma tutmaları artır və mövcud tənəffüs xəstəlikləri kəskinləşir. İkincisi xronik təsirlərdir ki, davamlı hava çirkliliyinə məruz qalmaq xroniki, abstruktiv ağciyər xəstəliyi və ağciyər fibrozunun yaranmasına səbəb ola bilər. Uşaqlarda ağciyər inkişafının ləngiməsinə və ağır hallarda ağciyər xərçəngi riskini artıra bilər. Üçüncü isə immun sisteminə təsirdən ibarətdir ki, zərərli maddələr ağciyər toxumasını zədələyərək infeksiyalara qarşı müqaviməti zəiflədir və plemaniya, sətəlcəm kimi xəstəliklərə meyil artır. Hava çirkliliyindən ən çox təsirlənən qruplar uşaqlardır. Onların tənəffüs sistemi tam inkişaf etmədiyindən zərərli maddələrə qarşı daha həssasdırlar, həmçinin yaşlıların immunitet sistemi zəiflədiyi üçün və xronik xəstəliyi olanlar astma, xronik abstruktiv ağciyər xəstəliyi, ürək-damar problemləri olanlar risk altındadır".

Terapevt onu da vurğulayıb ki, fərdi tədbirlər görmək, təmiz hava flitrlərindən və maskalardan istifadə etmək, hava keyfiyyətinin aşağı olduğu günlərdə açıq havada olmaqdan çəkinmək, insanları hava çirkliliyi və onun zərərləri haqqında məlumatlandırmaq kimi həlli yolları mövcuddur. "Gördüyümüz kimi hava çirkliliyi insan sağlamlığına xüsusilə tənəffüs sisteminə ciddi təhlükələr yaradır. Davamlı çirklənmə yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyətin ümumi sağlamlıq vəziyyətinə təsir göstərir. Təmiz havanı qorumaq üçün fərdi və ictimai səviyyədə tədbirlər görmək vacibdir. Sağlam bir gələcək üçün ekoloji problemlərə diqqət yetirmək və hava çirkliliyinin qarşısını almaq hər birimizin məsuliyyətindədir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə