Yarımfabrikat məhsullar alarkən DİQQƏTLİ OLUN! - EKSPERT VƏ QURUMDAN AÇIQLAMA

Əksər insanlar vaxtlarına qənaət etmək üçün yarımfabrikat məhsullardan istifadə edir. Ev şəraitində də məhsulları dondurub, bir neçə ay sonra istifadə edənlər kifayət qədərdir. Bəs, bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı SİA-ya danışan sağlam qida eksperti Asim Vəliyev bildirib ki, hazır yeməklər və yarımfabrikat məhsullar indiki dövrdə rahatlıq və tez hazırlanma baxımından çox məşhurdur: "Həyat tərzi daha dinamik olduqca insanlar vaxtına qənaət edə biləcək qida alternativlərinə üstünlük verir. Lakin bu məhsulları istehlak edərkən, onların potensial təhlükələrini və tərkibində olan maddələrin təsirlərini nəzərə almaq vacibdir. Yarımfabrikat məhsullarda konservantlar, dad artırıcılar və rəngləndiricilər geniş miqyasda istifadə olunur. Bu qatqı maddələr qidanın rəf ömrünü uzatsa da, uzunmüddətli istifadədə sağlamlıq üçün risk təşkil edir.

Mononatrium qlutamat adlı qatqı maddəsi qidalara qarşı asılılıq yaradır və uzunmüddətli istehlak baş ağrıları, allergik reaksiyalar, nevroloji problemlər yarada bilər. Süni rəngləndiricilər xüsusən uşaqlarda hiperaktivliyə və diqqət pozğunluğuna səbəb ola bilər. Yarımfabrikat məhsullarda duz və şəkər miqdarı normadan çox ola bilir. Artıq duz hipertoniya və böyrək problemlərinə səbəb ola bilir, çox şəkər istehlakı diabet və piylənmə riskini artırır.

Trans yağlar dondurulmuş və yaş yarımfabrikat məhsullarda tez-tez qarşımıza çıxır. Bu yağlar da sağlamlıq baxımından risklidir. Yarımfabrikat məhsullar uzun istilik emalına və dondurulmaya məruz qalır. Bu proses məhsulun qida dəyərini aşağı salır. Bu baxımdan da belə məhsullar qida dəyəri baxımından zəif olur.
Hər bir məhsulun tərkibini diqqətlə oxumaq vacibdir. Xüsusilə son istifadə tarixi, tərkibi, hansı qatqı maddələri əlavə olunduğu, duz və şəkər miqdarına diqqət etsək faydalı olar. Alternativ olaraq tərəvəz, meyvə və ya köftə kimi qidaları evdə hazırlayıb donduraraq təbii yarımfabrikat kimi istifadə edə bilərik. Hər zaman qatqıları çox az qidalardan istifadə etsək yaxşı olar. Etibar etdiyimiz markalardan ala bilərik. Yarımfabrikat məhsulların rahatlığı danılmaz olsa da, onları istehlak edərkən diqqətli olmaq və balansı qorumaq vacibdir. Bu məhsulları nadir hallarda istifadə etmək, sağlam həyat tərzini qorumağı asanlaşdıra bilər. Hər zaman təbii, təzə və evdə hazırlanan qidalara üstünlük verməyə çalışaq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) SİA-nın sorğusuna cavab olaraq isə bildirilib: "Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, qida subyektləri qida məhsullarının satışını qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirməlidirlər: "Qida məhsulları düzgün temperaturda və şəraitdə (sərin, təmiz, quru və qoxusuz yerdə) saxlanılmalıdır, günəşlə təmasa və istiliyə məruz qalmamalıdır. Sahibkarlar soyuq-isti zəncir prinsipi gözlənilməklə, qida məhsullarının saxlanması üçün müvafiq şəraiti təmin etməyə borcludurlar. Bu qanunun tələbidir.

Agentliyin keçirdiyi illik planlı yoxlamalar, eyni zamanda vətəndaş şikayətləri əsasında aparılan nəzarət tədbirləri zamanı uyğunsuzluq aşkarlanmış məhsulun satışdan geri çağırılması, yığışdırılması, məhvedilməsi ilə bağlı , eləcə də qanunauyğun digər qərarlar qəbul edilir.
Agentlik bir daha istehlakçıları bu cür qida məhsullarını alarkən, etiket məlumatları ilə tanış olmağı, o cümlədən etiketi üzərində göstərilən saxlama şəraitinə əməl edilməsinə, istehsal tarixi və yararlılıq müddətinə diqqət yetirilməsini tövsiyə edir. Qida məhsullarında uyğunsuzluq aşkarlandığı təqdirdə istehlakçılar öz hüquqlarını satıcıdan tələb edə, eyni zamanda Agentliyin 1003-Çağrı Mərkəzinə zəng vura bilərlər".

Müəllif: Seyranə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə