Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edib. SİA xəbər verir ki, bu əlamətdar gün çərçivəsində Müvəkkil ilk növbədə autism sindromlu şəxslərin çalışdığı “Kaşalata” inklüziv kafesini ziyarət edib, burada yaradılmış şərait və iş mühiti ilə tanış olub, məşğulluğu təmin edilmiş əlilliyi olan şəxslərlə görüşərək onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı əhalinin həssas qrupları arasında məşğulluğun artırılması, onların cəmiyyətə inteqrasiyasının təmini istiqamətində tədbirlərin olduqca mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub, eləcə də Ombudsmanın fəaliyyətində həmin şəxslərin hüquqlarının müdafiəsinin mühüm yer tutduğu bildirilib.
Daha sonra Səbinə Əliyeva Bakı Kitab Mərkəzində “Səssiz Ünsiyyət Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən inklüziv formatda keçirilmiş “Oxu saatı”nda iştirak edib.
Ombudsman çıxışı zamanı bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirdiyini, eşitmə və nitq qabiliyyəti məhdud, həmçinin xüsusi qayğıya ehtiyacı olan bütün uşaqların cəmiyyətə layiqli inteqrasiyasına, eləcə də onlara dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, ümumilikdə bütün ictimaiyyətin inklüziv həyat naminə lazımi dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Müvəkkil jest dilinə canlı tərcümə təmin edilməklə uşaqların seçdiyi kitablardan nağıllar oxuyaraq, onlarla mahiyyəti üzrə interaktiv və maraqlı müzakirələr aparıb.
Ombudsman sonda bu kimi layihələrin yalnız xüsusi günlər üçün deyil, cəmiyyətdə inklüzivliyin davamlı dəstəklənməsi naminə mütəmadi qaydada təşkilinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə