Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Zəfər Gününə həsr olunan təntənəli tədbir mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə UNEC kollektivi ilə yanaşı, şəhid ailələri, qazilər, əsgərlər, Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışından öncə iştirakçılar UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himni səsləndirildikdən sonra, tədbirin aparıcısı, Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycanın parlaq qələbəsi ilə nəticələnən Zəfər Günündən söz açıb. O, xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, səfərbər olduğunu, şanlı qələbə ilə bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırıb.
UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov Zəfər Günü münasibətilə universitet rəhbərliyi adından iştirakçıları təbrik edib. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti sayəsində 30 il işğal altında olan əzəli torpaqlarımızın azad olunduğunu, Zəfər Gününü qalib ölkənin vətəndaşları olaraq, böyük qürur hissi ilə qeyd etdiyimizi bildirib. Ş.Əsgərov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda UNEC-in 48 nəfər tələbə və məzununun şəhid olduğunu diqqətə çatdıraraq, onlardan 24 nəfərin Vətən müharibəsində, 3 nəfərin isə antiterror əməliyyatında şəhidlik zirvəsinə ucaldığını deyib.
Sonra hərbi ekspert, “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan polkovnik Elxan Şıxəliyev, Vətən müharibəsi şəhidi Mürsəl Kazımlının atası Kamil Kazımlı, UNEC-in tələbəsi, Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev çıxış ediblər. Çıxış edənlər Azərbaycanın qələbəsinin yalnız hərbi zəfər deyil, həm də xalqımızın tarixi qələbəsi olduğunu vurğulayıblar. Vətən müharibəsinin zəfərlə başa çatmasının Azərbaycanın haqq mübarizəsinin, dünya birliyinə göstərdiyi əzmin bariz nümunəsi olduğunu qeyd ediblər.
Zəfər Günü Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin qələbə əhval-ruhiyyəli konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə