Əsgərimiz odlu silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb və digər hərəkətləri icra ediblər.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə