Bədən ağrılarının psixoloji səbəbləri hansılardır? - MÜNASİBƏT BİLDİRİLDİ

Bədən ağrılarının psixoloji səbəbləri hansılardır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ətrafımızda kifayət qədər insan var ki, illərlə ağrılardan əziyyət çəkdiyini və heç bir həkimin dərdinə əlac edə bilmədiyindən şikayətlənir. Həmin insanlardan nədən əziyyət çəkdiyini soruşduqda isə bütün bədəninin, oynaqlarının və s. nahiyələrinin ağrıdığını, sızıldadığını bildirirlər". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist və yaşam koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, bəzi həkimlər isə bu cür xəstələri psixoloqa yönəltməkdənsə firma dərmanları yazıb daha da acınacaqlı duruma salırlar və nəticədə yeni xəstəliklər meydana çıxır: "Əslində isə tapılmayan və dərmanlarla aradan qalxmayan ağrıların səbəbi psixosomatik xəstəliklərdir. Psixosomatik xəstəliklər adətən gənc yaşlarda başlayan və uzun illər davam edən, özünü müxtəlif simptomlarla biruzə verən psixoloji narahatlıqdır. Bu simptomlar nəticəsində bədənin müxtəlif nahiyələrində ağrılar, əsasən də baş, bel ağrısı, mədə, qarın, qol, bel, oynaq ağrısı və s. ağrılar, ürək bulanması, qusma, gəyirmə, əl və ayaqda keyimə, qıcolma, səsin tutulması, cinsi istəksizlik, qadınlarda menstural pozğunluq daha çox rast gəlinir. İnsanı idarə vedən beyindir və beyində başlanan rahatsızlıq müxtəlif xəstəliklərin yaranmasına yol açır. Ona görə də psixolosomatik xəstəliklərin heç bir tibbi açıqlaması olmur. Çünki hər bir insan ilk növbədə öz psixoloji sağlamlığına diqqət yetirməlidir. İnsan stressli həyat sürürsə heç bir zaman sağlam ola bilməz və gec-tez mütləq ağır xəstəliklərə də tutula bilər. Bunun ilkin sipmtomları isə məhz psixogen ağrılardır. Psixogen ağrılar insanın psixoloji vəziyyətindən irəli gəlir və mənbəyində psixoloji səbəblərin, gərginliyin, mənfi psixoemosional yüklənmənin, qorxu və həyəcan durur. Bu ağrılar heç bir firma dərmanı ilə aradan qaldırıla bilməz, əksinə orqanizmi həmin dərmanlar daha da ağır vəziyyətə sala bilər

Psixosomatik xəstəliklərin ən çox rast gəlinəni baş ağrıları, ürək və qarın nahiyəsində olan psixogen ağrılardır. Psixogen baş ağrıları miqrendən fərqli olaraq bütün baş nahiyəsində, ənsə nahiyəsində olur və ağrılar hətta gözlərə vurur, çox vaxt ağırlaşma çiyin nahiyəsindən başlayıb başa keçir. Miqren isə birtərəfli , ancaq başın bir nahiyəsində, ritmik bir ağrı formasında olur. Həkim məsləhətilə EKQ, MRT, KT və s. müayinələrdən keçdikdən sonra heç bir tibbi səbəb tapılmazsa, bu tip ağrıların psixosomatik olduğuna artıq şübhə qalmır.

Bu cür ağrılar daha çox sıxıntılarını, narahatlıqlarını dilə gətirə bilməyən, özünə qapalı insanlarda müşahidə olunur. Nahaq yerə deməyiblər ki, “dəmiri pas yeyər, insanı fikir”. İnsan dərdini içində çəkdikcə, bölüşmədikcə sağlamlığında özünü büruzə verir. Bu ağrılar özünü bəzən nevrozlar formasında da göstərir və genetik xarakter də daşıya bilir. Belə ki, psixosomatik narahatlıqlar yaşayan ailə fərdlərinin bir neçəsində bu cür hallara tez-tez rast gəlinir. Bu ailələr əsasən mühafizəkar, sevgisiz, iki nəfərin normal oturub danışa bilmədiyi, birinin sözünün o birinin boğazından keçmədiyi, problemlərini danışaraq həll etmək şansı olmayan ailələrdə daha çox müşahidə olunur".

"Psixosomatik xəstəliklər daha çox qadınlar arasında rast gəlinir. Həddindən artıq psixi gərginlik, xroniki yorgunluq, hər hansı bir yenilik zamanı neqativ düşüncələrə qapılanda, özgüvənin və özünü qiymətləndirmənin aşağı olduğu hallarda, aqressiya, qısqanclıq hissləri üstünlük təşkil edəndə, yuxarıda qeyd etdiyimiz kimi hisslərini biruzə verə bilməyəndə, dilə gətirə bilməyəndə, mühitə uyğunlaşmada çətinlik çəkəndə, sosial və digər fobiyalar zamanı, isterik şəxsiyyət tipində və s. hallarda psixosomatik əlamətlərin üzəçıxma ehtimalı artmış olur. Xüsusilə bizim cəmiyyətdə mental xüsusiyyətlərdən irəli gələrək qadınların özünüifadə etmə imkanları aşağı olduğundan, bir çox ailələrdə hələ də patriarxal ailə ənənələrinin hökm sürməsi, qadınların məişət zorakılığından əziyyət çəkdikləri halda hüquqlarını müdafiə edə bilmədikləri, haqlı olduqları halda belə boşanan qadınara cəmiyyətin birmənalı münasibət göstərməməsi, qız valideynlərinin “dözməlisən, geri qayıtsan biabır olarıq” tipli düşncəsi artıq gənc yaşlarında qadınların bu cür xəstəliklərə tutulma şansını artırır. Yaşlandıqca da bu xəstəliklər başqa fəsadlara yol açır, artıq orta yaşlarda qadınların ruhu qocalır, cinsi həvəs ölür, ancaq şikayətlər, ağrılar mövzu olur.

Bu cür ağrılardan xilas olmaq üçün ilk növbədə həmin xəstəlikləri yaradan səbəbləri müəyyən etmək və aradan qaldırmaq, həyat şəraitini dəyişdirmək, sosiallaşmaq, daha çox ünsiyyətə meyl etmək və mütləq psixoloji yardım almaq lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə