“İqlim dəyişiklikləri, bir çox ölkələrdə baş verən müharibələr, qarşıdurmalar atmosferə də ciddi təsir göstərir. Nəticədə isə təbii fəlakətlərin baş verməsinə səbəb olur. Azərbaycanda da yay aylarında normadan artıq hava şəraiti müşahidə olunur. Sözsüz ki, bu da insanların səhhəti, eləcə də aqrar sektor üçün müəyyən problemlər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, son zamanlar bir çox rayonlarda yağan şiddətli yağışlar, dolunun düşməsi nəticəsində kənd təsərrüfatı sahələrinə xeyli miqdarda ziyan dəyib: “Sözsüz ki, bu da məhsuldarlığın azalmasına, bazarda kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olacaq. Qeyri-normal hava şəraitinin fəsadlarının qarşısının alınması üçün hökumət qabaqlayıcı tədbirlər həyata keçirir. Bu barədə insanlara, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara əvvəlcədən məlumat verilir. Lakin təbiətin şıltaqlığının qarşısını almaq mümkün deyil və bu hadisələr istər təsərrüfatlara, istərsə də kənd və şəhərlərə öz ziyanını vurur.
Əlbəttə ki, aqrar sahə ilə məşğul olanlar öz əkin sahələrini sığortalamalıdırlar. Belə olan halda onlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilir. Digər halda hökumətin özünün tədbirləri mövcuddur. Əgər doğurdan da evlərə, yollara, həyətlərə ciddi ziyan dəyibsə, bu zaman dövlət insanlara müəyyən kompensasiya ödəyir. İnsanlar özlərinin təsərrüfatlarını sığortaya cəlb etməlidirlər və təbiətdən kömək ummamalıdırlar. Ancaq hər bir halda təbiətin şıltaqlığı, əlverişsiz hava şəraiti hər bir vətəndaşı ciddi narahat edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB