Kondisionerdən istifadə zamanı nələrə riayət olunmalıdır? - AYDINLIQ GƏTİRİLDİ

"Yay aylarında, xüsusilə də çox isti zamanlarda hər kəsin kondisionerlərdən istifadə etdiyi bir vaxtda unuduruq ki, kondisionerdən düzgün olmayan və şüursuz istifadə hər zaman orqanizmimizə daha çox ziyan vermiş olur. Belə ki, kondisionerlərdə olan, xüsusilə də təmizlənməyən, yuyulmayan və filtrləri dəyişdirilməyən kondisionerlərdə bir çox bakterial infeksiyalar, kif göbələkləri, hətta nadir görülən və ağır fəsadlara yol açan legionella pnevmofilia kimi bakteriyalar da olur”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, çox insanlar olan yerlərdə bu kondisionerlərin istifadəsi zamanı bu cür bakterial infeksiyaların hava yolu ilə tənəffüs yollarından insanlara çox rahatlıqla keçməsi, bronxit, pnevmoniya kimi ağır xəstəliklərə yol aça bilir: “Eyni zamanda, bir çox kondisionerlərin 21-22 dərəcədən daha aşağı dərəcədə olduğu bir vaxtda uzun müddət istifadəsi tənəffüs yollarının allergik xəstəliklərinə yol açır. Buraya daha çox farengit, allergik rinit kimi xəstəliklər daxildir və gözlərdə sulanmaya qədər gətirib çıxaracaq bir prosesdir. Bəzi insanlar var ki, yatanda kondisionerin birbaşa üstlərinə vurmasına üstünlük verirlər. Kondisionerin isə bilavasitə bədənə vurması ağır sinir və əzələ iltihabı ilə nəticələnə bilir, miozitə, hətta üst sinirin iflicinə qədər gətirib çıxara bilir.

Kondisionerlərin istifadəsi üçün müəyyən qazların mübadiləsi baş verir və kondisionerlər işə düşərkən öncə benzol turşusu kimi qazı otaq havasına verir. Əgər bu otaq havası gün ərzində müntəzəm dəyişdirilməzsə baş-beyin-qan dövranına, tənəffüs yollarına təsir göstərir və bu da özünü ürəkbulanma, baş gicəllənmə, baş ağrıları və tənəffüs yollarında qıcıqlanmalar kimi simptomlarla özünü göstərir. Hətta kondisionerdən uzun müddət istifadə edildiyi mühitdə qalındığı zaman insan dərisində quruluğa, sallanmalara gətirib çıxara bilir. Çünki kondisioner quru hava verir və havada olan nəmi azaldır".

“Buna görə də kondisionerdən hər zaman düzgün istifadə etməyi tövsiyə edirəm. Belə ki, kondisioner dərəcəsi 22-25 dərəcədən çox və ya az olmasın. Kondisionerlərin vaxtlı-vaxtında yuyulmasına, filtrlərinin dəyişdirilməsinə nəzarət etmək lazımdır. Kondisionerlərdən istifadə edərkən onun havasının birbaşa bədənə, tənəffüs yollarına təmas etməməsinə diqqət etmək lazımdır. Kondisionerli otaqlarda isə mütləq şəkildə bir neçə havanın dəyişdirilməsi, sirkulyasiya olunması tövsiyə edilir", - həkim bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə