“Bu şəraitdə hazırlanan dönər insan üçün təhlükə yaradır”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinq tədbirlərini davam etdirir. Bu gün jurnalistlərin iştirakı ilə Agentliyin əməkdaşları tərəfindən uyğunsuzluqlar aşkar edilmiş dönərxanalarda reydlər həyata keçirilib. Monitorinq tədbirləri paytaxtın Xətai rayonunu əhatə edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, AQTA-nın Bakı Regional bölməsinin böyük məsləhətçisi Nərmin Abbasova rayonun Nobel prospekti, Zığ yolu 9 ünvanında yerləşən dönərxanada aşkar edilmiş pozuntular barədə jurnalistlərə açıqlama verib. Dönərxananın qanunsuz fəaliyyət göstərdiyini bildirən Agentlik rəsmisi bütün ictimai-iaşə müəssisələrinin qida təhlükəsizlik qeydiyyatından keçdikdən sonra fəaliyyət göstərməli olduğunu xatırladıb. Ancaq mövcud nöqsanların təkcə bununla bitmədiyini bildirən N.Abbasova əlavə edib:

“Müəssisədə sanitar-texniki və gigiyenik vəziyyət qanunun tələblərinə heç bir şəkildə cavab vermir. Dönərxananın anbar sahəsinə baxış keçirən zaman orada müddəti keçmiş bir neçə toyuq məhsulunun olduğunu aşkar etdik. Bundan əlavə, dönərin tərkibinə vurulan sousların saxlanma temperaturları da gözlənilməyib. Məlumdur ki, ət və süd məhsulları xüsusi riskli qidalar siyahısına daxildir və onlardan temperatur rejimi gözlənilərək istifadə edilməlidir. Burada ət məhsullarının və dönərin tərkibindəki inqrediyentlər tələblərə cavab vermir. Bununla yanaşı, müəssisənin döşəmə və tavanında da müəyyən pozuntular var. Bu pozuntular nəticəsində qida məhsullarında çirklənmə riski yarana bilər və yekunda insan tərəfindən istehlak edilən dönər xüsusi təhlükəli ərzağa çevrilə bilər”.

Onun sözlərinə görə, həmin dönərxanada tikinti işlərinin aparılmasına ehtiyac var. Çünki bu şəraitdə hazırlanan dönər insan istehlakı üçün təhlükə yaradır. N. Abbasova aşkar edilmiş pozuntular nəticəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılacağını qeyd edib.

Müəssisənin sahibkarı İlhamə Əsədova isə dönərxananın təmir edilməli olduğunu etiraf edib: “Biz qərara gəlmişdik ki, alınmış məhsullar satılsın, ondan sonra müəssisəni bağlayaq və təmirə başlayaq”.

Növbəti yoxlama prosesi rayonun Məhəmməd Hadi küçəsində yerləşən “Sərxanın dönəri” adlı müəssisədə həyata keçirilib. Bildirilib ki, buradakı pozuntular təkcə bişmiş yox, eyni zamanda çiy dönərin də emalı prosesində baş verir. AQTA-nın Bakı Regional bölməsinin nümayəndəsi N.Abbasova isə çiy toyuqların şişlərə vurularaq ondan dönər hazırlandığını qeyd edərək, bu prosesin dönərxana tipli müəssisədə həyata keçirilə bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, həmin proses daha geniş sahəyə malik, sanitar-gigiyenik tələblərə cavab verən müəssisələrdə aparılmalıdır.

“Bu zaman müəssisədə temperatur rejimi, havalandırma sistemləri qurulmalıdır. Bununla yanaşı, hazırlanmış çiy dönər əti şoklama prosesindən keçməlidir. Şoklama zamanı həmin ətlər mənfi 40 dərəcə temperaturda soyudulmalıdır. Məlumdur ki, ətin tərkibində olan mikroorqanizmlər mənfi 38 dərəcədə məhv olur.

Bununla yanaşı, müəssisənin yuma çanağı da sanitar-texniki və gigiyenik normalara cavab vermir. Dönərxanada təkcə qida məhsulları deyil, eyni zamanda avadanlıqlar, həmçinin işçilərin əlləri qeyri-gigiyenik vəziyyətdə yuyulur. Bu da istehlak zamanı insan həyatı və sağlamlığına ciddi təhlükə yarada bilər”- deyə Agentlik rəsmisi deyib.

AQTA rəsmisi sözügedən müəssisənin də tələblərə cavab vermədiyi üçün fəaliyyətinin məhdudlaşdırılacağını qeyd edib. Bildirilib ki, sahibkar tərəfindən görüləcək təmir-bərpa işlərindən sonra müəssisə dönər məhsulunu yenidən müştərilərə sata bilər.

Müəssisənin sahibkarı Sarvan Şıxıyev dönərxanada aşkar edilmiş pozuntuların ona ötən gün agentlik rəsmiləri tərəfindən bildirildiyini deyib: “Nöqsanları yaxın vaxtlarda tədricən aradan qaldırmağa çalışacam”

Bütün xəbərlər Facebook səhifəmizdə