"İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı” - MÜNASİBƏT BİLDİRİLDİ

“Kimsə vəsiyyət etsə ki, onu yandırsınlar və bu vəsiyyəti hansısa zərurət ucbatından yox, dinə qarşı saymamazlıq kimi etsə o, şəxs müsəlman sayılmaz, ona ehsan düşməz, müsəlman qəbrisitanlığında dəfn edilməz. Avropada, əsasən də Almaniyada ölmüş adamın yiyəsi çıxmırsa, onu yandırırlarsa, bu, Avropanın Şərqə sırımaq istədiyi saxta "insan haqları", saxta "tolerantlıq" və multikultural dəyərlərə ziddir. Milyarder müsəlman ölkələri var ki, müqavilə bağlayıb bir məzarlıq ala bilərlər. Müsəlmanlardan sahibsiz adamlar öləndə də orada dəfn olunarlar. Yoxsa, Avropa müsəlmanı necə yandıra bilər?". Bu sözləri SİA-ya danışan ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, bu, islam dininə, müsəlman aləminə təhqirdir: “Quranı yandırırlar, ölülərimizi yandırırlar. Bu onların səlibçi təfəkkürünün əlamətidir. Bununla bağlı böyük islam alimləri fətva verməlidir. Müsəlmanın dirisi də, ölüsü də möhtərəmdir, yandırmaq isə təhqirdir. İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı”.

İlahiyyatçı əlavə edib ki, əgər kimsə yandırılmasını vəsiyyət edərsə o, müsəlman olmaqdan çıxır və o müsəlmanların dəfn olunduqları məzarlıqda dəfn edilə bilməz: “Elə adamlar üçün xüsusi qəbrisitanlıq olmalıdır. Xüsusən də elə adamı İslam qaydalarına uyğun dəfn etməyə lüzum yoxdur. Doğrudur, insanlıq xatirinə dəfn etmək, torpağa basdırmaq lazımdır, məzarına nişangah da qoyula bilər. Ancaq bir şəxs tamamilə dindən çıxdığını elan edibsə, ona ehsan, Quran, dua düşmür.

Lakin odda yandırmaq əsla olmaz. Ona görə ki, atəş Cəhənnəm əlamətidir və odla əzab vermək yalnız Allaha xasdır. Hətta islam dinində heyvanları damğalamaq belə qadağandır”.

Bütün xəbərlər Facebook səhifəmizdə