Direktorun təbiət sevgisi

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”dir

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin həyətinə daxil olanda qarşımızda yaşıl bir mənzərə açıldı. Adama elə gəlirdi ki, təbiətin gözəl fəsli olan bahar hər yerdən əvvəl buraya qədəm qoyub və özü ilə bərabər ürəkaçan yaşıllıq, təravət gətirib. Geniş ərazidə diqqətimizi ilk növbədə “Zəfər bağı” yazılan bir lövhə cəlb etdi. Yaxınlaşanda gördük ki, şagirdlər yaşıllıqlara qulluq edir, səliqə-səhman yaradırlar.

Məktəbin direktoru Aynur xanım maraqlandığımızı görüb bizi çox da intizarda saxlamadı.

– Məktəbimizdə fəaliyyət göstərən “Gənc təbiətçilər” dərnəyinin üzvləridir, - dedi - Bağda yaşıllıqlara qulluq etməyi, yeni ağac və gül kolları əkməyi öz öhdəsinə götürüblər. Onlar dərsdən sonra asudə vaxtlarının çoxunu burada keçirir, həm yaşıllıqları suvarır, yeni ağaclar əkir, həm də əmək vərdişləri qazanırlar. Gördüyünüz kimi əkilən ağacların əksəriyyəti dəmirağaclarıdır. Şagirdlərimiz böyük qələbəyə töhfə olaraq 44 günlük müharibə dövründə hər gün burada bir dəmirağacı əkiblər. Bağ salmaq üçün dəmirağacını ona görə seçdik ki, əsrarrəngiz Azərbaycan təbiətinin nadir incisi olan bu ağac ancaq torpağımızda bitir. Bağı da erməni faşizmi üzərində çalınan böyük qələbənin şərəfinə “Zəfər” adlandırdıq. İndi “Zəfər bağı” həm vətənpərvərlik, həm də ekoloji tədbirlərin ünvanına çevrilib...

... Vaxtilə Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin məzunu olan təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı Məmmədova Aynur Mahir qızı indi doğma məktəbə direktor kimi qayıdıb. O, 1987-ci ildə Lənkəran şəhərində anadan olub. Ümumi orta təhsil pilləsinin hər üç səviyyəsini isə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə alıb. 2006-2010-cu illərdə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsinin Alman dili və ədəbiyyatı ixtisasına yiyələnib və eyni zamanda ali təhsil pilləsinin bakalavr dərəcəsinə layiq görülüb. 2010-2011-ci illərdə isə Lənkəran Dövlət Universitetinin Yenidənhazırlanma təhsilinə qatılaraq Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına yiyələnib. 2012-ci ildə Müəllimlərin İşə Qəbulu Müsabiqəsində uğur qazanaraq Lənkəran rayonundakı Köhnəgəgir kənd tam orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. 2013-cü ildən rayonun V.Qasımov adına Digah kənd tam orta məktəbinə köçürülüb. Burada 10 il dərs deyib, eyni zamanda üç il həmin məktəbdə direktor səlahiyyətlərini icra edib.

2022-ci il dekabrın 12-də Respublika Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Direktorların İşə Qəbulu Müsabiqəsinə qatılan Aynur müəllimə imtahanların nəticələrinə görə Lənkəran rayonu üzrə ən yüksək, respublika üzrə 21-ci yerdə qərar tutub. Həyatında unudulmaz hadisə kimi yaddaşına həkk olunan bu uğur onun üçün Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbə direktor kimi təyinat alması ilə nəticələnib.

Təbii ki, məzunu olduğu doğma təhsil ocağına direktor kimi qayıtmaq Aynur xanım üçün nə qədər qürurverici, şərəfli olsa da, bir o qədər də çətin və məsuliyyətli idi. Çünki o, təhsil aldığı 11 il ərzində doğma məktəbin və pedaqoji kollektivin verdiyi biliklə bu uca məqama çatmışdı. Aynur müəllimə çox yaxşı bilirdi ki, məzunu olduğu 7 nömrəli tam ota məktəb yüksək tədris keyfiyyətinə, gənc nəslin təlim-tərbiyyəsinə və yetirdiyi adlı-sanlı məzunlarına görə Lənkəran şəhərindəki tədris ocaqları arasında həmişə diqqət çəkib. İndi isə bu nəcib tədris ənənəsini davam etdirmək və doğma tədris ocağının uğurlarına uğur qatmaq kimi şərəfli vəzifə məhz adına ucalıq gətirən məzunun – Aynur müəllimənin üzərinə düşürdü. Arada çox qısa zaman məsafəsi var. Aynur müəllimə bir direktor kimi özünü layiqincə doğruldur. Həmişə olduğu kimi şagirdlərin meyil və maraqlarına verdiyi xüsusi diqqət yenə də onun pedaqoji və idarəetmə fəaliyyətində mühüm yer tutur.

Qeyd edək ki, bir təcrübəli pedaqoq, təşkilatçı məktəb rəhbəri kimi Aynur xanımın şəxsi uğurları bununla bitmir. O, “Rəqəmsal pionerlər- sabahın texnoloji liderləri” layihəsi ilə Respublika Elm və Təhsil Nazirliyinin elan etdiyi 2023-cü il Təhsildə İnkişaf və İnnovasiyalar üzrə “VII qrant müsabiqəsi”nin qalibi olub, eyni zamanda həmin il Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə həyata keçirdiyi “Məktəb liderliyi Proqramı”nın II çağırışı müsabiqəsinin bütün turlarında uğur qazanaraq sözügedən proqramda iştirak etmək hüququ qazanıb.

Tədris ili boyu bu məktəbdə keçirilən tədbirlərin ardı-sırası kəsilmir. Bir qayda olaraq həmin tədbirlərə şəhid ailələri, Qarabağ qaziləri, veteranları, çağırışçı və Azərbaycan ordusundan tərxis olunan gənclər dəvət zolunur, onların döyüş xatirələri, hərbi xidmətlə, vətən sevgisi ilə bağlı çıxışları dinlənilir. Təkcə ötən tədris ili ərzində “Azad olmuş Qarabağ və burada gedən bərpa işləri”, “44 günlük müharibədə qazanılan tarixi zəfər”, “Lənkəran şəhidlərinin xatirəsi unudulmur”, “Torpaq uğrunda ölən varsa - Vətəndir”, “Çağırışçı gənclərlə görüş”, “Müsəlləh əsgərəm mən də bu gündən”, “Səni sevirik”, Vətən!” və s. mövzularda keçirilən bu tədbirlər şagirdlərə Vətən sevgisi aşılamaq baxımdan mühüm əhəmiyyət daşıyır.

Məlum olduğu kimi Vətən təbiətdən başlanır. Əgər dünyaya göz açdığımız torpaqda ekoloji tarazlıq pozulubsa, orada normal həyat ola bilməz. Təsadüfi deyil ki, Aynur xanım bir direktor kimi fəaliyyətinin ilk günündən tədrisin keyfiyyətini yüksəltməklə bərabər şagirdlərin ekoloji tərbiyyəsini də ön plana çəkib. Mütəmadi olaraq bununla əlaqədar ekoloji maarifləndirmə tədbirlərinə start verilir. İməcilik yolu ilə məktəbin həyətində və yerləşdiyi ərazidə abadlıq, yaşıllaşdırma və səliqə-səhman işləri görülür. Təkcə bu ilin mart ayında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbdə iki tədbir baş tutub.

Martın 6-da keçirilən tədbiri direktor Aynur Məmmədova açaraq “Yaşıl dünya naminə həmrəylik ili”nin mahiyyətindən, ekoloji maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Şagirdlərin ifasında təbiət haqqında şeirlər səslənib və onların suallarına cavab verilib.

Martın 13-də keçirilən ağacəkmə aksiyası isə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Lənkəran-Astara Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə baş tutub. 1 saylı Regional ETSİ-nin rəisi Ceyhun Hüseynov və Lənkəran –Astara Regional Təhsil idarəsinin sektor müdiri Elman Rzayev çıxış edərək “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu kimi tədbirlərin məktəblilərin ekoloji tərbiyyəsində mühüm rolundan söz açıblar. Məktəbin direktoru Aynur Məmmədova Ümumtəhsil məktəblərində ekoloji tədbirlərin təşkili üçün diqqət və qayğıya görə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Respublika Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib, eyni zamanda bugünkü tədbirin şagirdlərin ekoloji biliklərinin zənginləşməsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Sonda ağacəkmə aksiyasına başlanılıb. Məktəbin həyətində çoxlu sayda sərv cinsli ağac əkilib.

Qarşıdan COP29-un Bakıda keçiriləcək sammiti gəlir. 7 nömrəli məktəbin pedaqoji və şagird kollektivləri də bu mühüm beynəlxalq konfransa həyata keçirdiyi müxtəlif ekoloji tədbirlərlə öz töhfəsini verirlər.

Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli məktəbdə olarkən çox uğurların şahidi olduq. Qısa zaman kəsiyində əldə olunan bu uğurlar məktəb direktorunun düzgün rəhbərliyinin və məqsədyönlü fəaliyyətinin nəticəsi idi.

Təbii ki, Aynur xanımın bir məktəb rəhbəri kimi təbiət sevgisindən ayrıca danışmağa dəyər. Bu sevginin kökü isə xoş xatirələrlə dolu, unudulmaz orta məktəb illərindən gəlir. Vaxtikən doğma məktəb həyətinin yaşıllaşdırılmasında və abadlaşdırılmasında təbii ki, bir şagird kimi onun da öz payı olub.

Bəxtiyar Hüseynov, ekoloq

Bütün xəbərlər Facebook səhifəmizdə