Xoşbəxt olmaq üçün nə etməliyik? - PSİXOLOQ İZAH ETDİ

"Xoşbəxtlik kiçikdən böyüyə hər kəsin axtardığı, bəzən tapdığı, bəzən də tapmadığı, dünyaya gözümüzü açdıqdan bəri bizlərə arzuediləndir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, xoşbəxt olmaq və xoşbəxt hiss etmək fərqli anlayışlardır: "Onu qeyd edim ki, nə hər zaman xoşbəxt ola, nə də hiss edə bilərik. Xoşbəxtlik hissi də digər hisslər kimi daimi və qalıcı deyil. Anlıqdır. O anların içərisində gizlənib. Bəzən üzə çıxar, bəzən də çıxmaz. Bəzən də xoşbəxt anı yaşamağımıza baxmayaraq xoşbəxt hiss edə bilmərik. Təbii ki, bu da səbəbsiz deyil. Ya həmin an xoşbəxtliyinizin fərqinə varmır, ya da incidiyiniz ,bağışlaya bilmədiyiniz nələrsə var.

Xoşbəxtlik hər yaşa görə və insana görə dəyişir. Bir konfetlə xoşbəxt hiss edən körpəni müəyyən müddətdən sonra konfetlə sevindirə bilmirik. -Arzularımızdan arzular doğur. Bir söz var, insan çatmaq istədiyi hər şeyin dəlisi, çatdığı hər şeyin nankorudur. Düzdür, hər şeyin nankoru bir ümumiləşdirmədir. Burada çox şeyin nankoru desək, yanılmarıq. Arzularımıza çatdıqda əl çatan olduğu üçün çox zaman adiləşir. Amma bununla yanaşı çatdığımız arzuların yerini yeni arzular alır. Məktəbdə təhsil alan şagirdi uğurları, aldığı qiymət sevindirir. Məktəbdən sonra ali məktəb daha sonra kariyera və sair. İnsan var ki, pul ilə xoşbəxt hiss edəcəyini düşünür. Tələbatlar artdıqca pula da ehtiyac çoxalır. Pul ilə çox şeyi ala bilərik. Duyğularımız birinci gəlir deyə, demək ki, pul artıq digər sıralarda yerini alır. Pul insana xoşbəxt hiss etdirə bilər, amma bir yerə qədər. Hər zaman deyil".

"Xoşbəxt olmaq üçün nə etməliyik? Hər zaman xoşbəxt ola bilməyəcəyimizi və bunun normal olduğunu qəbullanmalıyıq. İnsanlardan gözləntilərimizi azaltmalıyıq. 1 stəkan su ancaq 1 stəkan su tutur, çox deyil. İnsanlar nəyi nə qədər anlamaq istəyirlərsə, elə o qədər anlayırlar. Özümüzə fokslanmalıyıq, özümüzə sözlər verib reallaşdırmağa çalışmalıyıq. Uman yerdən küsərlər demiş, atalarımız. Ummasaq, küsməyəcəyik normal olaraq. Sadəcə xoşbəxt anlarımızı artıra bilərik. Necə? Səhv etməyimizə icazə verərək, öz mənfi düşüncələrimizi dəyişdirərək, özümüzü bağışlayaraq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə