"Mediator olmaq üçün hüquqşünas olmaqla bağlı xüsusi tələb yoxdur" - VƏKİL AÇIQLADI

Azərbaycanda 2020-ci ildən Mediasiya Şurası fəaliyyət göstərir. Bəs ölkədə mediatorların sayı kifayətdirmi? Kimlər mediator ola bilər? Mövzu ilə bağlı SİA-nın suallarını vəkil, mediator Mübariz Yolçiyev cavablandırıb.

Onun sözlərinə görə, ölkədə kifayət qədər mediator var: “Bu say bildiyim qədərilə 400-dən çox olmalıdır. Mediator olmaq üçün şərtlərlə bağlı "Mediasiya" haqqında Qanun var. Qanuna görə, mediator olmaq istəyən şəxslər ali təhsilli olmalıdır. Burada şəxs istənilən ixtisas məzunu ola bilər. Hüquqşünas yaxud İqtisadçı olması ilə bağlı xüsusi tələb yoxdur. Bundan əlavə şəxsin 3 illik iş stajı olmalıdır. Bunlarla yanaşı digər şərtlər də məhkumluğun olmaması və digər məsələlərlə bağlıdır. Tələb olunan şərtlərə uyğun gələn Azərbaycan Reespublikası vətəndaşları imtahan verərək mediator ola bilərlər”.

Müsahibimiz bildirib ki, məhkəməyə qədər proseslərdə mediatorlar fəaliyyət göstərir: “Kommersiya ilə bağlı məhkəmə işlərində təəssüf ki, çox zaman mediasiya fəaliyyəti özünü doğrultmur, iş məhkəməyə keçir. Bu kimi işlərdə barışma ehtimalı çox az olur. Amma ailə-nikah məsələlərində tərəflər arasında çox vaxt anlaşma əldə olunur. Uşaqlarla, əmlak məsələləri ilə, alimentlə bağlı razılıq əldə edilir. Ona görə də düşünürəm ki, ailə-nikah münasibətlərində mediasiya effektivdir”.

M.Yolçiyev sonda qeyd edib ki, mediator olmaq üçün ən çox maraq göstərənlər təbii ki, hüquqşunaslardır: “Onlarında aralarında üstünlüyü vəkillər təşkil edir. Dünya praktikasında da belədir, bu normaldır. Amma digər sahələrdə çalışanlar da mediator ola bilərlər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə