"Bir həkim kimi İlham Əliyevə çox böyük hörmətim var..."

Ağabəy Azərbaycani: Yetmişillik tibb təcrübəmi azad edilmiş ərazilərin sakinlərinə də tətbiq etmək istəyirəm

ABŞ-da olanda Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirildiyi barədə məlumat aldım. Prezident İlham Əliyevə bir həkim kimi çox böyük hörmətim var. Onun atası mərhum Ulu Öndər Heydər Əliyev çox müdrik və dahi şəxsiyyət idi. Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda problemlər çox idi. Ölkədə hərc-mərclik, qeyri-sabitlik hökm sürürdü. O, öz uzaqgörənliyi sayəsində Azərbaycanı çətin vəziyyətdən çıxartdı, ölkənin inkişaf yolunun təməlini qoydu. Onun xüsusi diqqət yetirdiyi sahələrdən biri də səhiyyə sahəsi idi. Əhalinin sağlamlığının mühafizəsi prioritet məsələlərdən biri idi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir, müxtəlif səhiyyə ocaqlarının, idman komplekslərinin açılışında fəal iştirak edirlər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri müsahibəsində Almaniya-Azərbaycan Dostluq və Tibbi Yardım Cəmiyyətinin və “MİR” Beynəlxalq Humanitar Cəmiyyətinin rəhbəri, tibb elmləri doktoru, professor Ağabəy Azərbaycani bildirib.

O deyib: “Bütün həyatım boyu ABŞ-da, Almaniyada yaşamışam, Türk dünyasında və İslam dünyasında, hətta Avropanın bir çox ölkələrində olmuşam. İndiyədək dünyanın heç bir ölkəsində dövlət başçısının bu qədər çox iş görməsinə rast gəlməmişəm. Çünki mən özüm alternativ və təkmilləşmə tibb sahəsi ilə məşğulam. Bu sahə dünyanın 70 faizini əhatə edir. Onun 50 faizi fizioterapiya və bədənin möhkəmlənməsi üçün idman hərəkətləridir. İdmanın sağlamlığı möhkəmləndirdiyi, insanlarda ruh yüksəkliyi yaratdığı nəzərə alınaraq dövlət başçısı səhiyyə ilə paralel idmanın da inkişafı istiqamətində mühüm tədbirlər görür. Bütün bunları nəzərə alaraq mən seçkilərlə bağlı Azərbaycana gəlməyi özümə borc bildim. Seçki məntəqələrində həqiqətən də yüksək aktivlik müşahidə olunurdu. Bakıda kimlə ünsiyyətdə oldumsa, hər biri İlham Əliyevin ölkəyə rəhbərliyini davam etməsini istədiyini və ona səs verdiyini dedi. Demokratiyadan dəm vuran, Azərbaycanın əleyhinə kampaniyalar aparan ölkələr, Qərb dünyası nə edir-etsin heç vaxt haqq-ədalətə qalib gələ bilməzlər. Onlar Ermənistanın 1980-ci illərin sonlarından başlayan və torpaqlarımızın işğalı ilə nəticələnən hərbi təcavüzünə uzun illər səs çıxarmadılar. Azərbaycan öz ərazi bütövlüyünü qəhrəman oğulların canı və qanı bahasına bərpa etdi. Müharibə dövründə də Prezident İlham Əliyev həmin ölkələrin təzyiqinə sinə gəldi və haqq savaşımızı sonacan apardı. Qarabağ məsələsi həmişə ağrılı yerim olub. Hər iki Qarabağ müharibəsi zamanı şirkətlərimlə xaricdən Azərbaycana yardım gətirmişəm və savaşda yaralananları müalicə etmişəm. Hər zaman Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Qarabağ veteranlarının sağlamlıq vəziyyətinə görə müayinə edirəm, yaralarına baxıram. Bunu özümə borc bilirəm”.

85 yaşlı Ağabəy Azərbaycani daha sonra deyib: “ Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Şuşanın azad etməklə Ermənistan ordusunun təməlini elə sarsıtdı ki, Xocalı, Xankəndi, Ağdərə, Xocavəndin diversantlardan təmizlənməsinə cəmi bir gün vaxt lazım oldu. Prezident İlham Əliyev hakimiyyətə gəlişinin 20 illiyini məhz həmin tarixi torpaqlarda üçrəngli Bayrağımızı ucaltmaqla əbədiləşdirdi. O, özü dediyi kimi ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin arzularını reallaşdırdı. Tarixi hadisələr bununla yekunlaşmadı. Fevralın 7-də keçirilən prezident seçkiləri digərlərindən fərqli olaraq bütöv Azərbaycanı əhatə etdi. Həmin gün Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndidə səs verdi. Qarşıdan Xocalı faciəsinin 32-ci ildönümü gəlir. Düşünürəm ki, həmin soyqırımı qurbanlarının ruhu uzun illərdən sonra dinclik tapıb. Azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, sakinlər yavaş-yavaş öz doğma yurd-yuvalarına dönürlər. Şuşada mobil xəstəxana da fəaliyyət göstərir. Gələcəkdə Qarabağın incisi olan həmin şəhərdə daha böyük xəstəxana açılmasını gözləyirəm.

Sevindiricidir ki, tezliklə Xocalı və Xankəndi sakinləri də öz doğma torpaqlarına qayıdacaq, orada həyat yenidən canlanacaq. Azad edilmiş digər ərazilərdə də xəstəxanalar açılarsa, yetmiş illik tibb təcrübəmi həmin ərazilərin sakinlərinin də müalicəsinə sərf etmək istəyərəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə