Kirayə müqaviləsi adətən yaşayış sahələrindən istifadə hüququların verilməsi zamanı bağlanılır. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yaşayış sahəsinin kirayə müqaviləsinə görə, kirayəyə verən yaşayış sahəsini kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. SİA iqtisadçı-ekspert, deputat Vüqar Bayramovun və əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının məsələ ilə bağlı fikirlərini öyrənib.
İqtisadçı-ekspert, deputat Vüqar Bayramov: "Kirayə müqavilələrin bağlanması bir tərəfdən vergidən yayınmanın qarşısının alınması baxımından vacibdir. Çünki kirayə müqaviləsi bağlanmadıqda praktik olaraq həmin münasibətlərin və ya dövriyyənin vergiyə cəlb edilməsi mümkün olmur. Ona görə kirayə müqaviləsi həm də büdcəyə vəsaitlərin cəlb edilməsi baxımından vacibdir. Eyni zamanda kirayə müqaviləsinin bağlanması həm də öhdəlikdir. Çünki ev sahibi öz evini və ya əmlakını kirayə verir. Bu əmlakın təhlükəsizliyi, həmin əmlakın yerləşdiyi binaya və qonşulara zərər vurmaması ilə bağlı öhdəliyin götürülməsi, ödənişlərin vaxtında həyata keçirilməsi üçün kirayə müqaviləsinə ehtiyac var. Kirayə müqaviləsinin bağlanması yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və məsuliyyətin bölüşülməsi baxımından çox önəmlidir. Bu, tərəflər arasında məsuliyyətin müəyyənləşdirilməsinə, eləcə də öhdəliklərin bölüşdürülməsinə imkan yaradır. Daha məqsədəuyğundur ki, vətəndaşlarımız əmlaklarının təhlükəsizliyi, vaxtında ödənişlərin həyata keçirilməsi üçün əmlaklarını kirayə verən zaman müqavilə bağlayaraq bunu həyata keçirsinlər".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı: "Kirayə müqaviləsinin bir sıra üstünlükləri var. İlk növbəti kirayə münasibətlərinin rəsmiləşdirilməsi kirayə verənin daha çox öz əmlakı ilə bağlı gələcəkdə yarana biləcək problemləri, müqayisəli məsələləri həll etmək baxımından vacibdir. Kirayəni götürən tərəfindən müəyyən qüsurlar yaranır. Problemlər ortaya çıxır, onların mübahisələndirilməsi o zaman mümkün olur ki, kirayə müqaviləsi bağlanıb, münasibətlər rəsmiləşdirilib. Bu münasibətlərdən irəli gələn öhdəliklərin icrasının pozulması ilə bağlı məhkəmədə tərəflər iddia qaldıra bilirlər.
Bundan başqa kirayə verən tərəf mənzilini kirayə verirsə, buna görə götürdüyü gəlirdən mütləq şəkildə vergi ödəməlidir. Əgər fiziki şəxsdirsə, fiziki, hüquqi şəxsdirsə, hüquqi şəxs kimi müəyyən vergi öhdəlikləri yaranır. Fiziki şəxs 14% götürdüyü gəlirdən hər ay vergi ödəməlidir. Bu verginin ödənilməməsinə görə vergi qanunvericiliyində sanksiyalar nəzərdə tutulur. Müəyyən müddətdən sonra vergi orqanı hər hansı yoxlama nəticəsində belə hal aşkar etsə ki, illərdir öz mənzilini kirayə verib ordan gəlir götürür. Amma bu haqda gəlirlərini bəyan etmir, gizli saxlayır. Ən yaxşı halda vətəndaşı ötən dövr ərzində yayındığı vergiləri ödəməyə məcbur edəcəklər. Bunu özü bəyan edərsə, belə olur. Bəyan etmədiyi halda bəzən bu məbləğin ikiyə vurulması, əlavə vergi cinayətlərı kimi məsələlər məbləğdən asılı olaraq ortaya çıxa bilər. Vətəndaşa götürdüyü gəlirlərin bəyan olunması və vergilərin ödənilməsi baxımından müəyyən münasibətlərin rəsmiləşdirilməsi vacibdir.
Sığorta hadisəsi baş verə, mənzilə zərər dəyə bilər. Dəymiş zərərin ödənilməsi, sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi, bütün bunlar münasibətlər rəsmiləşdirildiyi təqdirdə kirayə verən üçün əlavə üstünlük yaradır. Eyni zamanda mənzilin boşaldılması ilə bağlı prosedurlar da kirayə münasibətlərinin rəsmiləşdirilməsi halında daha asan olur. Qanunvericiliyə görə tərəflərdən biri ən geci bir ay əvvəl qarşı tərəfə onu çıxaracağı, kirayə götürən də çıxacağı ilə bağlı qarşı tərəfə məlumat verir. Hər iki tərəf üçün müəyyən imkanlar yaranır. Kirayə götürən mənzildən çıxmaq istəməyə bilər. Bu halda da məhkəmə qaydasında onun mənzildən çıxarılması tələb şəklində qoyulur. Gecikdirdiyi müddətin də kirayə haqqını ödəmək şərti ilə məhkəmə yolu ilə mənzildən çıxarılması təmin olunur. Həm vergi öhdəlikləri, həm dəymiş zərər, sığorta, digər problemlər baxımından bu cür müqavilələrin bağlanması daha çox kirayə verənə sərf edən məsələdir. Kirayə verən şəxslər mütləq mənzillərini kirayə verərkən kirayə münasibətlərini rəsmiləşdirməkdə maraqlı olmalıdırlar. Cüzi rüsumlar var, notariat kontorlarına yaxınlaşmaqla kirayə müqaviləsi bağlanır və bu məsələ həllini tapır".
Bütün xəbərlər Facebook səhifəmizdə