Zəlzələ həyət və bina evlərinin qiymətinə necə təsir etdi? - ARAŞDIRMA

İlk olaraq qeyd edək ki, ötən günlərdə, yəni 7 dekabr tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş vermişdi. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilmişdi ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Bəs, gəlin görək bu vəziyyət bina və həyət evlərinin qiymətlərinə necə təsir edib? SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk olaraq baxaq, dünyada vəziyyət necədir?

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələdən sonra fərdi ev qiymətlərindəki artımı qiymətləndirən daşınmaz əmlak ekspertləri bu evlərə tələbatın gündən-günə artdığını bildiriblər. Belə ki, zəlzələdən sonra bağlara və fərdi yaşayış evlərinə (həyət evlərinə) tələbat artıb və bu qiymətlərdə də özünü göstərib.

Fərdi evlərin qiymətlərinin artmasının zəlzələdən sonra daha yüksək mərtəbələrə çıxa bilməmək qorxusundan qaynaqlandığını vurğulayan ekspertlər daşınmaz əmlakın qiymətində artım olduğunu, lakin fərdi evlərin çox yüksək qiymətə olduğuna diqqət çəkiblər.

Türk mediasına mövzu ilə bağlı daşınmaz əmlak eksperti Murat Kandıra danışıb. O bildirib ki, zəlzələdən sonra fərdi evlərin, bağ evlərinin, villaların və torpaq sahələrinin qiymətləri artıb: “Bu evlərin qiyməti digərlərinə nisbətən 2-3 dəfə artıb”.

Maddi vəziyyəti yaxşı olan insanların mənzilləri tərk edərək fərdi evlərə köçdüyünü vurğulayan Kandıra, “Maddi vəziyyəti aşağı olan insanlar daha çox kənd yerlərindəki fərdi evlərə köçürlər. Amma satışların artıb artmadığını soruşsanız, yox. Satışlar azalır və qiymətlər dayanmadan yüksəlir. Təklif yüksək, tələb isə aşağı olsa da, qiymətlər daim yüksəlir. Buna ölkədəki inflyasiya təkan verir”.

Kandıra, "Əvvəllər fərdi evlər və bağ evləri investisiya məqsədi ilə alınırdısa, indi yalnız vacib ehtiyac olaraq alınır" dedi.

Zəlzələdən sonra bağ, fərdi yaşayış evi və bağçalı villa tipli evlərin tikintisində artım olduğunu bildirən Kandıra, “Yeni qəsəbələrdə villalar tikilir və çox baha qiymətə satılır. Məsələn, zəlzələdən əvvəl təxminən 1 milyon əhalisi olan bir bölgədə villa tipli həyət evləri indi 3-4 milyon civarındadır. Əlbəttə, zəlzələnin ilk günlərində onların satış qiymətləri daha çox yüksək idi, amma indi düşünürəm ki, zəlzələ qorxusu azaldığından satışlar durğunlaşıb.

Qaziantepdə zəlzələdən əziyyət çəkən on mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan İlhami Özer açıqlamasında zəlzələdən əvvəl bağ evi almağı düşündüklərini, lakin zəlzələdən sonra bunun xəyala çevrildiyini deyib. Özer, “Uşaqlarım üçün həyət evim olsun istədim. Bu səbəbdən şəhərə yaxın bir bağ evi almağı düşünürdüm. Zəlzələdən sonra vəziyyət dəyişdi. Hündürmərtəbəli binalar artıq fobiyamıza çevrilib. Biz zəlzələ zamanı hündürmərtəbəli binaların bir çox insan üçün necə qəbirə çevrildiyini gördük. Uşaqlarım hər gecə zəlzələ qorxusu ilə yatır. Bəlkə bir qohumla birgə bu evi almağa çalışacağıq. Başqa yolla əldə etmək çətindir" dedi.

7 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan Mehmet Kılıç dağıntıları gördükdən sonra ilk işinin bağı evi almaq olduğunu deyib: “Uşaqlarım və həyat yoldaşım o gecənin qorxusunu hələ də atmayıblar. Sosial şəbəkələrdə həmin dağıntının görüntülərini gördükdən sonra daha bina evində yaşaya bilmədik. Nəhayət bağ evi aldıq. İnsanlar mənzillərdən bağları olan fərdi evlərə qaçırlar. Amma təəssüf ki, hər kəsin alıcılıq qabiliyyəti yoxdur. Daha doğrusu buna imkanı çatmayan insanlar çoxdur”.

Həyət evinin üstünlükləri

•Təbiətlə daim vəhdətdə olacaqsınız. Həmçinin, təmiz hava ala biləcək və səs-küysüz sağlam bir həyata qovuşacaqsınız. •Avtomobilinizi vaxt itirmədən park edə biləcəyiniz qarajınız olacaq. Nəticədə aylıq xərclərdən xilas olacaqsınız.
• İstədiyiniz bitkiləri əkib-biçə biləcək və onların qayğısına qalacaqsınız.

• Dənizə getməyə ehtiyac qalmayacaq. Həyətinizdəki hovuz və hovuzətrafı zonada əyləncəksiniz. Bir sözlə, dənizi evinizə gətirəcəksiniz.

• Tüstü və şəhərin zərərli qoxuları sizi narahat etmədən öz əllərinizlə ləziz yeməklər bişirə biləcəyiniz manqalxana və həmin yeməkləri sevdiklərinizlə birgə nuş edə biləcəyiniz həyətə sahib olacaqsınız.

• Sevimli bir ev heyvanı sahiblənmək istədiyinizdə artıq qonşularınıza görə narahat olmayacaqsınız.


Həyət evlərinin mənfi cəhətləri

- Fərdi evə sahib olmaq özü ilə böyük məsuliyyət gətirir. Çünki ev sahibi evin bütün ehtiyaclarını qarşılamalıdır. Evin daxili və xaricində olan bitkilərin baxımı, təmir işləri kimi bir çox mövzuda ev sahibi səy göstərilməlidir.

- Hər hansı bir təhlükənin qarşısını almaq üçün elektrik, su və təbii qaz qurğuları mütəmadi olaraq yoxlanılmalı və onların təmiri dayandırılmamalıdır. Belə bir yükü üzərinə götürmək istəməyən və ya vaxtı olmayan insanlar üçün fərdi evdə yaşamaq mənasızdır.

- Əsl fərdi evlər daha çox şəhər həyatından uzaqda yerləşir. Bu bəzi insanlar üçün üstünlük olsa da, bəziləri üçün əlverişsiz ola bilər. Çünki burada yaşayan insanlar işə, məktəbə və ya alış-verişə getmək üçün hər gün müəyyən məsafə qət etməli olurlar. Hər gün bu sıxıntıya dözməyi sevmirsinizsə, fərdi ev əvəzinə mənzildə yaşamağı seçə bilərsiniz.

- İstilik problemi fərdi evlər üçün böyük çətinlik yaradır. Çünki burada istilik xərcləri mənzillərdən daha yüksəkdir. Ərazi böyük olduğundan və ətrafda başqa tikili olmadığından ev soyuq havaya açıqdır. Müvafiq olaraq, istilik xərcləri yüksəkdir.

- Fərdi evlərin ən böyük problemlərindən biri təhlükəsizlikdir. Kənardan gələ biləcək təhlükələrə qarşı mənzildən daha az qorunur. Qapı və ya pəncərələrə çatmaq daha asan olduğundan oğurluq baş verə bilər. Ev sahibi evdə güclü kilid sistemləri, kamera sistemləri və siqnalizasiya sistemləri quraşdırmalıdır. Bu vəziyyət ev üçün çəkilən xərclərin artmasına səbəb olur.

- Fərdi evlər yüksək qiymətə alıcı tapır. Bu səbəbdən tikinti xərcləri yüksək olan fərdi yaşayış evlərinin qiymətləri yüksəkdir. Bunu da hər adam ala bilmir və fərdi evin mənfi cəhətlərindən biridir.

Həyət evi axtararkən bunlara diqqət edin

- Evin yeri və yerləşdiyi mühit ehtiyaclara uyğun olaraq müəyyən edilməlidir.

- Evin struktur vəziyyətini yoxlamaq lazımdır. Bünövrədə və ya divarlarda çatlar varmı? Nəmlə bağlı problemi var? Bunları diqqətlə araşdırmalısınız.

- Xüsusən də satış üçün fərdi yaşayış evi seçərkən hər hansı hüquqi maneənin olub-olmadığı yoxlanılmalıdır. Əgər evlə bağlı borc varsa və ya evin sənədini əldə etməyə mane olan hal varsa, dərhal başqa alternativə müraciət etməlisiniz.

- Ən çox diqqət etməli olduğunuz məsələlərdən biri də evin davamlılığıdır. Onun tikintisində zəlzələyə davamlı materiallardan istifadə edilməsi çox vacibdir. Bu məsələ həyati əhəmiyyət kəsb etdiyi üçün diqqətlə araşdırılmalıdır.

- Evin hansı təhlükəsizlik sistemlərinə sahib olduğunu soruşmaq lazımdır. Seçdiyiniz fərdi yaşayış evinin yüksək səviyyəli mühafizə sistemləri ilə təchiz olunması təhlükəsizliyiniz üçün çox önəmlidir.

Bina evlərinin mənfi cəhətləri

-Bir mənzildə yaşayırsınızsa, bütün qonşularınızla bölüşməli olduğunuz həyətyanı sahə və dayanacaqlar kimi bəzi ərazilər var. Buna görə də, mənzillərdə yaşayan insanların şəxsi sahəsi çox deyil. Fərdi evlərdə isə vəziyyət tam əksinədir. Fərdi evdə yaşamaq şəxsi məkan baxımından çox sərfəlidir.

-Böyük ev və geniş bağ hər bir ailənin arzusudur. Fərdi evlər bu xəyalın gerçəkləşməsinə kömək edir.

- Bağ evində istədiyiniz çiçəkləri, tərəvəzləri və meyvələri yetişdirə bilərsiniz. Torpaqla qarşılıqlı əlaqə quraraq, bütün stresinizi aradan qaldıra bilərsiniz. Bundan əlavə, siz bağçanızı gözəlləşdirə və bağ mebelləri ilə rahat yaşayış sahəsi yarada bilərsiniz. Bina evində isə bu mümkün deyil.

- Fərdi evlər təkcə sizin üçün deyil, kiçik dostlarınız üçün də azadlıq qapısıdır. Mənzillərdə ev heyvanlarınızın azadlığı qaçılmaz olaraq məhdudlaşdırılır. Oyun oynamaq, ya da bağçaya çıxmaq istədikləri zaman uyğun ərazi tapa bilmirlər. Bundan əlavə, əgər mənzil yüksək mərtəbədədirsə, balkonlar və pəncərələr kiçik dostlarınız üçün təhlükə yarada bilər. Fərdi evə köçməyin üstünlüklərindən biri odur ki, siz ev heyvanlarınızın bağda sərbəst oynamasına icazə verə və onlara böyük yaşayış sahəsi təklif edə bilərsiniz.

- Səs-küyü sevməyənlərdənsinizsə, fərdi evin üstünlüklərindən istifadə edə bilərsiniz. Bağ evləri ümumiyyətlə daha sakit mühitlərdə yerləşir. Bu şəkildə, izdihamdan və səs-küydən uzaq, sakit bir həyat fürsəti təqdim edir.

- Mənzillərin ən böyük problemlərindən biri qonşulardır. Yuxarıda, aşağıda və ya yanınızda yaşayan qonşularınız bəzən narahat edici davranışlar göstərə bilərlər. Fərdi evlərdə belə problemə rast gəlinmir.


Əmlak məsələləri üzrə ekspert Elnur Azadov: “Türkiyədə baş verən zəlzələdən sonra insanların içində ciddi qorxu qalmışdı. Xatırlayırsınızsa, yayda bizdə də çox zəif olan zəlzələ baş vermişdi. Bu zaman insanlar Türkiyədəki zəlzələni xatırlayıb vahiməyə düşmüşdü. Bu ərəfədə həyət evlərinin qiymətində artım oldu. Lakin bu dəfə ölkədə baş verən zəlzələni insanlar soyuqqanlı qarşıladılar. Yəni, o vaxtkı kimi böyük sıçrayış olmadı. O vaxtı bizdə hamı tökülüşdü küçəyə. Hətta şəhərdən qaçanlar belə var idi.

İndi isə qiymətlərdə artım olmadı. İndi qış mövsümüdür və insanlar qışda bağ (həyət) evlərinə o qədər də üstünlük vermir. Yəni, bu dəfəki zəlzələ qiymətlərə təsir etmədi. Təsir etsə belə bu müvəqqəti xarakter daşıyır və ümumi bazara təsiri olmayacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə