Təmizləyici qurğuların ekoloji əhəmiyyəti - Ekoloji mövzuda

Təmizləyici qurğuların ekoloji əhəmiyyəti - Ekoloji mövzuda

... İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu gün bəşəriyyət bioloji müxtəlifliyin getdikcə azalması, iqlim dəyişmələri, ozon qatının dağılması, hidrosferin çirklənməsi, turş yağışlar və s. bu kimi qlobal ekoloji problemlərlə üz-üzədir. Bütün dünyada olduğu ki, ölkəmizdə də ekoloji problemlərlə mübarizəyə böyük diqqət yetirilir, onların mütərəqqi həlli yolları axtarılır.

Ətraf mühiti çirkləndirən əsas faktorlardan biri plastik qablar və polietilen torbalarla bağlı tullantılarıdır. Xatırladaq ki, 1960-cı illərdə məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və su hövzələrini çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Belə ki, plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol A maddəsi təşkil edir. “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.

Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.

Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Bü gün atmosferin çirklənməsi əsas ekoloji problemlərdən biridir. Belə ki, atmosferin çirklənməsi sənaye, nəqliyyat və s. sahələrdə çox böyük həcmlərdə müxtəlif yanacaq növlərindən istifadə ilə əlaqədardır. Bu sahələrdən hər il havaya 20 milyard tondan artıq bərk və qaz halında hissəciklər daxil olur. Mineral yanacağın və müxtəlif növ tullantıların yandırılmasından əmələ gələn karbon turşusu və sulfidli qaz atmosferi daha çox çirkləndirir. Bütün bunlar atmosferin temperatur rejiminə, optik xassələrinə ayrı-ayrı regionların hava şəraitinə mənfi təsir edir. Tədqiqatçılar sulfidli qazların turş yağışlar əmələ gətirməsini yaxşı bilirlər. Avropa və Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri, şirin su hövzələrindəki canlı aləmi məhv edir, kənd təsərrüfatı məhsullarının keyfiyyətini və məhsudarlığını aşağı salır. Ona gərə də atmosferin mühafizəsi ən vacib ekoloji məsələlərdən biri hesab edilməlidir. Çünki, atmosfer yerdə həyatın yaranması və inkişafını təmin edən əsas amillərdən biridir. Atmosfer hər şeydən əvvəl tənəffüs üçün canlı orqanizmlərə lazımdır. Əgər insan qidasız 60 gün, susuz 6-7 gün qala bilərsə, havasız 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer yerdə qaz dövranının, enerji və maddələr mübadiləsinin həyata keçirilməsində də ardıcıl rol oynayır, rütubət dövranını təmin edir. Atmosferin fiziki və kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilk növbədə insanların sağlamlığının, yaş həddinin və iş qabiliyyətinin azalmasına səbəb ola bilər.

Bütün bunlardan qaçmaq üçün istehsalat texnologiyasının təkmilləşdirilməsi həlli vacib məslələrdəndir. Belə ki, texnoloji cəhətdən müasir avadanlıqlar havaya zərərli maddələrin daxil olmasının qarşısını alır. Bununla yanaşı, yaşıllıqlar da atmosferin tənzimlənməsində mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ilə 18 mln kub metr havanı zəhərli maddələrdən təmizləyir və 10-20 tona yaxın karbon qazı udur. Eyni zamanda onu da qeyd edək ki 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur ki, bu da saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Doğurdan da ətraf mühitin mühafizəsində, ekoloji tarazlığın pozulmasının qarşısının alınmasında, atmosfer havasının çirklənmələrdən qorunmasında meşələrin rolu əvəzsizdir.

Açığını deyək ki, xidmət müəssələri, o cümlədən şadlıq sarayları ətraf mühitin çirklənməsində özünəməxsus rol oynayır. Təbii ki, bunu heç də bütün şadlıq saraylarına aid etmək olmaz. Bu baxımdan Lənkəran rayonunun Gərmətük qəsəbəsində fəaliyyət göstərən “Şah” şadlıq sarayı başqa xidmət obyektlərinə örnək ola bilər. Bu sarayda ətraf mühitin və atmosferin çirklənməsinin qarşısını almaq üçün müasir avadanlıq quraşdırılıb. Buradakı səliqə-səhman göz oxşayır və yaşıllıqlara göstərilən aqrotexniki qaydada xidmət çox yüksək səviyyədədir.

“Şah şadlıq sarayı” MMC-nin rəhbəri Allahşükür Babayev öz fikirlərini bizimlə bölüşərək bildirdi: “Biz toy məclislərini yüksək səviyyədə keçirmək və əhaliyə nümunəvi xidmət göstərməklə bərabər ekoloji mühiti də həmişə nəzarətdə saxlayırıq. Çünki təbiətin mühafizəsi, ətraf mühitin şəffaflığı hər şeydən öncə sağlamlığımız üçün əsas şərtdir. Buna görə də çalışırıq ki, sarayın yerləşdiyi ərazi ekoloji baxımdan həmişə təmiz və səliqəli olsun. İlk növbədə şadlıq sarayında çalışanların diqqətini biz də buna yönəldirik. Bir sözlə, hər bir işçi bu mühüm məsələdə böyük məsuliyyət daşıyır. Onların qüvvəsi ilə sarayın bütün ərazisi abadlaşdırılıb və ərazidə yeni yaşıllıq zolaqları salınıb. Fürsətdən istifadə edib biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə öz dərin minnətdarlığımızı bildiririk. Çünki idarənin əməkdaşları vaxtaşırı xidmət müəssəmizdə olur və kollektivimizin ekoloji maariflənməsində çox mühüm rol oynayırlar”.

Qeyd edək ki, sözügedən sarayın icraçı direktoru olan Amil Mikayılov da uzun müddətdir ki, burada işləyir. O, Lənkəran Dövlət Universitetinin məzunudur və öz işinin peşəkarıdır. Şah şadlıq sarayında quraşdırılan qaz-toztutucu qurğunun iş prinsipləri və texniki parametrləri haqqında bizə əyani şəkildə məlumat verərək bildirdi ki, bu qurğu atmosferə atılan tullantıları zərərsizləşdirir və bütövlükdə biosfer üçün mühüm ekoloji faktor sayılır. Məlum olduğu kimi restoranların və ictimai iaşə obyektlərinin atmosferə buraxdığı tüstülər və digər tullantılar onun kəskin şəkildə çirklənməsinə səbəb olur. Təbii ki, bu da ətraf mühitə, insan sağlamlığına mənfi təsir göstərir. Bu qlobal ekoloji problem bütün alimləri və ekoloqları bu gün çox ciddi düşündürür. Elə buna görə də bu problem daim diqqət mərkəzindədir. Respublika ərazisində fəaliyyət göstərən xidmət obyektlərində müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması günün vacib ekoloji tələblərindəndir. Şadlıq saraylarının istismarı zamanı əmələ gələn tüstünü asılı hissəciklərdən təmizləmək üçün filtrlərin quraşdırılması həm sadə, həm də effektiv üsullardan sayılır. Hazırda bu üsul geniş tətbiq olunur. Biz bunun effektini şadlıq sarayımızda da əyani şəkildə görürük. Digər xidmət obyektlərinin də bizim təcrübəmizdən faydalanması çox yaxşı olardı.

Gənc mütəxəssis Amil Mikayılovun ekoloji durumla və quraşdırılan təmizləyici qurğu ilə əlaqədar fikirləri bizdə çox xoş təəssürat yaratdı. Ümumiyyətlə, Şah şadlıq sarayının kolektivində təbiətə qarşı böyük məhəbbət ruhu gördük. Belə ki, çoxsaylı tədbirlərin keçirildiyi mühüm ünvana çevrilən bu saray həm də ətraf mühitin mühafizəsini daim diqqətdə saxlayan nümunəvi ekoloji bir məkandır.

Atmosferin çirklənməsinin qarşısını almaq üçün maarifləndirici tədbirlər də çox böyük əhəmiyyət kəsb edir. Hər il respublika ərazisində “Təmiz hava aylığı” nın keçirilməsi məhz bu məqsədə xidmət edir.

Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibələrdir. Müharibələr nəticəsində çoxlu insan tələfatı ilə bərabər, ətraf mühitə, təbiətə, xüsusilə də biomüxtəlifliyə və su hövzələrinə çox ciddi ziyan dəyir.

Qeyd edək ki, ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı yuxarıda qeyd etdiyimiz problemlərin həllində mühüm rola malikdir. Belə ki, sözügedən qərarda su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına, atmosfer havasına çirkləndirici maddələrin atılmasına, tullantıların yerləşdirilməsinə görə ödəniş normativlərin tətbiqi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, bundan əvvəl bu ödənişlər cüzi miqdarda idi. Elə buna görə də, Nazirlər Kabinetinin yeni qərarında ödəniş normativlərinin artırılması zərurəti yarandı. Təbii ki, bu qərar qısa müddətdə öz səmərəsini göstərməli, idarə və müəssisələrin rəhbərləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin qərardan irəli gələn vəzifələri, göstərişləri rəhbər tutmalı və fəaliyyətlərini bu tələblərə uyğunlaşdırılmalıdırlar. Təbii ki, bu, nəticə etibarı ilə ətraf mühitin qorunmasına və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə gətirib çıxaracaqdır. Elə buna görə də, Nazirlər Kabinetinin bu yeni qərarı yerlərdə böyük ruh yüksəkliyi və razılıqla qarşılanıb.

...Bəşər övladı yarandığı gündən təbiətlə həmahəng yaşayıb, həyatını onunla təmasda, ünsiyyətdə qurub. Başqa sözlə desək, insan zaman-zaman təbiətin bir parçası olaraq inkişaf edib, formalaşıb. Bəlkə biz ona görə də təbiətə ana demişik. Onu müqəddəsləşdirmiş, əziz tutmuşuq. Amma təəssüf ki, illər və qərinələr uzunu ana dediyimiz təbiətə qənim kəsilənlər də var. Belə laqeyd insanlar bir qayda olaraq təbiətin nemətlərini talamış, ehtiyatlarını, resurslarını tükətmişlər. Ona görə də, indi təbiəti və ətraf mühiti qorumağa həmişəkindən daha çox ehtiyac duyulur.

Bəxtiyar Hüseynov

Bütün xəbərlər Facebook səhifəmizdə