Gənc ailələr niyə tez uşaq sahibi olmağı düşünmür? - MÜTƏXƏSSİS AÇIQLADI

Gənc ailələr niyə tez uşaq sahibi olmağı düşünmür? - MÜTƏXƏSSİS AÇIQLADI

“Əslində, bu cür ailələrin yüksək məqsəd və hədəfləri var. Əlbəttə, əgər ailə üzvlərinin birində hər hansı bir tibbi problem yoxdursa, bu, belədir. Bəzən cütlüklərdən birində, yaxud ikisində də xəstəlik olduğu üçün uşaq sahibi ola bilmirlər. Bu hal istisnadır”. Bu sözləri SİA-ya açıqlamasında Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə deyib.


Təhmasib Cavadzadə sözlərinə belə davam edib: “Cəmiyyətimiz elədir ki, bir-birinin işinə qarışmağı sevir. İki gənc insan evlənir və hələ həyatlarının ilk cavanlıq çağındadır. Onların özlərinin ruhu hələ uşaqdır və əylənmək, həyatdan zövq almaq istəyirlər. Amma valideynlər və ətraf bundan nigarandır ki, niyə uşaq yoxdur. Elə bil ki, nəsilləri tam kəsilmək üzrədir və mütləq uşaq dünyaya gətirmək üçün evləniblər. Bu, köhnə fikirdir.

İnsan evlənmir ki, uşağı olsun. Uşaq insanın ailə həyatının meyvəsi və bəhrəsidir. Xüsusi bir qanunumuz yoxdur ki, evlənən kimi uşaq olmalı və digər insanlar da buna qarışmalıdır.

Əslində isə, evlilikdən sonra uşağın nə zaman olub-olmamasını qərarlaşdıran gənc ailələr intellektual, yüksək dünya görüşünə malikdir və həyatda məqsədli insanlardır. Çünki gəncdirlər və bundan zövq almaq istəyirlər. Ola bilsin ki, təhsil alırlar və uşağın təhsillərinə mane olmasını istəmirlər və s. Belə məsələlərə ailələr müdaxilə etməməlidir. Çünki yeni evlilər gənc də olsa, artıq özlüyündə bir ailədir və özləri qərar verə bilər. Gənc ailənin üzvləri müstəqil olmalıdır. Valideynlər onlara müdaxilə edərək gənc ailənin təməllərini məhv edirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə