“Orqanizmin bütün iradəli və iradəsiz hərəkətlərinə sinir sistemi nəzarət edir“ - FİZİOTERAPEVT AÇIQLADI

“Orqanizmin bütün iradəli və iradəsiz hərəkətlərinə sinir sistemi nəzarət edir“ - FİZİOTERAPEVT AÇIQLADI

“Sinir sistemi orqanizmi tənzimləyən sistemdir və iki yerə bölünür:
-Mərkəzi və periferik.
Mərkəzi sinir sistemi beyin və onurğa beyni, periferik sinir sistemi isə vegetativ və somatik sinir sistemi olmaqla iki qrupda cəmlənir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-fizioterapevt Şəhla Qafarova bildirib.
Onun sözlərinə görə,
orqanizmin bütün iradəli və iradəsiz hərəkətlərinə sinir sistemi nəzarət edir:
“Bəzən hər hansı bir sinirdə sıxılma və ya zədələnmə olduqda, orqanizm bunu ağrı şəklində qəbul edir. Ağrı bədənin özünü müdafiə reaksiyasıdır. Ağrı siqnalı orqanizmdə hər hansı mexanizmin müəyyən dərəcədə pozulmasından xəbər verir. Ağrıya simptomatik yanaşdıqda və ya əhəmiyyət vermədikdə, ağrının tezliyi və spektri böyüyə bilər.
Sinir ağrılarının səbəbi aşağıdakılar ola bilər:
Onurğa sütunu xəstəlikləri;
Travmalar;
Zədələr;
İnfeksiyalar (herpes zoster, qrip virusu, hepatit, hiv, tez-tez yüksələn CRP və s.) ;
Qidalanma (düzgün olmayan dieta nəticəsində B qrup vitaminlərin çatışmazlığı nəticəsində müxtəlif nahiyələrdə yandırıcı ağrının olması) ;
Əzələ gərilməsi
Oynaq disfunksiyasi (adəti cıxıqlar da misal ola bilər) və s.

Sinir ağrıları - boyunda, beldə, qabırğaarasanda, yuxarı və aşağı ətraflarda, hətta dəridə belə ola bilər. Sinir ağrıları yandırıcı xarakterdə, bəzən iti alətlə kəsilmiş, oyulmuş kimi hiss olunur. Əsasən, gecələr daha çox hiss edilir. Xəstəliyi və ağrını aradan qaldırmaq üçün multidisiplinar yanaşmaq lazımdır. Əvvəlcə ağrının səbəbini araşdırmaq, ikinci mərhələdə ağrını aradan qaldırıb, daha sonra səbəbini aradan qaldırmaq məqsədəuyğundur.

Fizioterapiyada həm ağrını götürmək, həm də yaranmış sinir zədələnməsini bərpa etmək üçün çox sayda elektrik axınları, maqnit proseduru, isti və soyuq prosedurlar, idman hərəkətləri və s. tətbiq olunur.
Həkim - fizioterapevt xəstə və xəstəliyin göstəriciləri ilə tanış olduqdan sonra prosedurlardan ən uyğun olanını seçib, tətbiq edir.
Fizioterapiya tibbin ən geniş, əhatəli və təhlükəsiz sahəsidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə