““Səs” qəzetinin yaranması tarixi hadisə idi” MÜNASİBƏT

““Səs” qəzetinin yaranması tarixi hadisə idi” MÜNASİBƏT

“Səs” qəzetinin yarandığı dövrü çox yaxşı xatırlayırıq. Bu dövr ziddiyyətlər fərqli ideoloji mövqelərdə və fərqli siyasi mövqelərdə böyük mübarizələr və ziddiyyətlər dövrü idi. Yəni, bir keçid dövrü idi, cəmiyyətimizin müəyyən hissələri arasında Azərbaycanın müstəqil dövlətə çevrilməsi, yaşaması mümkün olacaq-olmayacaq, Azərbaycanın müstəqil milli mətbuat ənənələri möhkəmlənib yaşaya biləcək, ya yaşaya bilməyəcək kimi ciddi mövzular ətrafında kəskin diskusiyaların getdiyi dövrdə “Səs” qəzeti yarandı. Belə kəskin ziddiyyətlər dövründə qəzetin yaranmasının özü cəsarətli bir addım və tarixi hadisə idi. Ona görə də, “Səs” qəzeti bizim müstəqillik uğrunda mübarizə tariximizin həmyaşıdı olan bir mətbuat orqanı kimi qiymətlidir. “Səs” qəzeti yarandığı dövrdə həm bizim milli mətbuat ənənələrimizin və milli jurnalistika prinsiplərimizin yenidən dirçəldilməsinə öz töhfələrini verdi, həm də Azərbaycanın müstəqil dövlətçilik dəyərlərinin möhkəmlənərək cəmiyyətin ideoloji baxışlar sisteminin aparıcı və tərkib hissəsinə çevrilməsində böyük rol oynadı. “Səs” qəzetinin yaranması həm tarixi bir hadisə, həm də cəsarətli addım idi. “Səs” qəzeti öz fəaliyyəti və yazıları ilə Azərbaycan cəmiyyətinə mətbu sözün əsl cəsarətlilik nümunələrini gətirdi. Bəlkə də “Səs” qəzetinin fəaliyyəti Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin siyasiləşməsində və müstəqil dövlət ideologiyasının üzərində inkişaf tapmasında öz qəti sözünü dedi. Heç şübhə etmirəm ki, Azərbaycanın müstəqil dövlətçilik ideologiyasının bütün cəmiyyətin ideologiyasına çevrilməsində “Səs” qəzetinin xüsusi payı var. Çünki “Səs” qəzeti yarandığı dövrdən müstəqil Azərbaycanın həqiqətən güclü bir dövlətə çevrilməsini dövlətçilik ideologiyası kimi yaradan Ulu Öndər Heydər Əliyevin siyasi baxışlarının təbliğat və yayım tribunasına çevrilmişdir. Ona görə də, “Səs” qəzeti Azərbaycan dövlətinin müstəqillik tarixində özünəməxsus yerə malikdir. Bu gün də “Səs” qəzetində peşəkar və təcrübəli kollektiv formalaşıb. Sadəcə, bir qəzet kimi yaranan “SƏS” bu gün artıq Media Holdinqinə çevrilib və onun saytı, televiziyası və digər media ilə bağlı qurumları mövcuddur. Bu, o deməkdir ki, müstəqil Azərbaycanın ilkin qaynaqlarında formalaşan bir media orqanı olaraq “SƏS” müstəqil Azərbaycan dövlətinin varlığı qədər yaşamaq və müstəqil Azərbaycan dövlətinə fayda vermək iddiasındadır. “Səs” qəzetinin əməkdaşlarına yaradıcılıq uğurları arzulayıram.

Aydın Quliyev

“Bakı Xəbər” qəzetinin Baş redaktoru

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə