Vahid taksi yaransa nə dəyişəcək? -NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ

Vahid taksi yaransa nə dəyişəcək? -NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ

"Azərbaycanda hazırda vahid taksi sistemi mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Bakı şəhərində taksi fəaliyyətini Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi tənzimləyir. Bakıdan başqa bölgələrimizdə bu funksiyanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir. Azərbaycanda taksi fəaliyyəti Nazirlər Kabinetinin 2019-cu il qərarı ilə taksi fəaliyyətinə tələb və reqlamentlə tənzimlənir. Həmin reqlamentdə taksi fəaliyyətinə olan tələblər açıq-aşkar qeyd olunub. Taksi fəaliyyətində istifadə olunan avtomobillərlə bağlı da müəyyən qaydalar qeyd olunub. Taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə də bağlı müəyyən qaydalar təsdiq olunub. Bunlar hamısı artıq var və vahid taksi sistemi mövcuddur. Sadəcə, bu taksi fəaliyyəti ilə bağlı tələblərin keçirilməsinə nəzarəti gücləndirmək lazımdır. Bu gün çox müzakirələr aparılır ki, ölkəmizdə taksi minik avtomobillərinin sayı çoxdur. Amma qeyd etmək lazımdır ki, Bakı şəhərində taksiyə nə qədər ehtiyac və tələb varsa, o qədər də taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar da var. Onu da bildirmək lazımdır ki, şəhərimizdə ictimai nəqliyyatın bərbad vəziyyətdə olması, bəzi avtobusların xətlərə buraxılmaması, avtobus qıtlığı və vətəndaşların saatlar dayanacaqlarda qalması taksiyə tələbi artırır. Əgər ictimai nəqliyyatı nizam-intizama sala bilsələr, o zaman taksilərə də bir o qədər az tələbat olar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə