DYP küçəyə zibil atanlara müraciət etdi

Demək olar ki, hər il Bakı şəhər Dövlət Yol Polisi İdarəsi olaraq hərəkət iştirakçılarının avtomobil yollarına, küçələrə məişət tullantıları atmasına dair müraciətlər ünvanlayırıq, lakin vəziyyətin ürək açan olmadığını, əksinə vəziyyətin daha da pisləşdiyinin şahidi oluruq. Təəssüf ki, küçələrdə rastlaşdığımız həmin xoşagəlməz mənzərə fərd olaraq tək bir insanı yox, düşünən hər bir kəsi narahat edir.

Paytaxtın əsas küçə və prospektlərinə, eləcə də yol kənarlarına atılan zibillər həm şəhərin görünüşünü pozur, həm antisanitar vəziyyət yaradır, həm də aidiyyəti üzrə Mənzil Kommunal Təsərrüfatı Departamentinin əməkdaşlarının işini birə-beş artırır. Xüsusən də bu soyuq və küləkli havalarda düşünün ki, onlar hansı əziyyəti çəkir?!

Müasir dövrdə digər ölkələrdə olduğu kimi, bizim ölkədə də zibil qutuları məişət tullantılarının növlərinə müvafiq olaraq çeşidlənir, lakin təəssüf ki, bəzi insanlar bu qaydalara riayət etmədiyi üçün küçələrin əvəzinə zibil konteynerləri təmiz qalır…

Nəqliyyat vasitələri hərəkətdə olarkən sürücü və ya sərnişinlərin avtomobillərdən yola məişət tullantıları (su şüşələri, müxtəlif növ qablaşdırılmış qida qalıqları və s.) atması ilə bağlı qanunda müvafiq cərimələr nəzərdə tutulub. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bu faktlarla bağlı qanunvericiliyin normaları çərçivəsində tərəfimizdən mübarizə aparılır.

O deyib ki, aidiyyəti üzrə İdarə tərəfindən bu kimi hallara yol verən hərəkət iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) ilə həmin şəxslərə 40 manat məbləğində cərimə tətbiq edilir:

"Lakin təəssüf ki, cərimələrə baxmayaraq, bu gün də bənzər hərəkətə yol verənlər az deyil. Çünki bu cür məsələlər cərimə ilə yox, mədəni düşüncə tərzi ilə həll olunur. İstər polis kimi, istərsə də vətəndaş kimi bu məsələ bizi ciddi narahat edir. Hesab edirik ki narahatlığımıza münasibət isə hələ də adekvat deyil".

"Bu əməli edənlərdən xahiş edirik ki, bir gün küçələrdən məişət tullantılarının təmizlənməsi ilə məşğul olan işçilərdən birinin yanında dayanıb, onun əziyyətini müşahidə edib, öz məsuliyyətsizliklərinə qiymət versinlər. Bu insanlar bizə hər gün yol kənarlarından məişət tullantıları toplamaqdan yorulduqlarını bildirirlər. Avtomobillərdən küçəyə zibil atanda nə olur ki? Bu hərəkətə yol verən insanlar nə düşünürlər? Çalışmalıyıq ki, cəmiyyət olaraq həm qaydalara riayət edək, həm də insan kimi mənəvi keyfiyyətlərimizi qorumaqla cəmiyyətdə bir-birimizin üzərinə düşən məsuliyyəti daha da ağırlaşdırmayaq. Artıq 2022-ci il bitmək üzərədir. Arzu edək və bu pis vərdişi dəyişməyə çalışaq və gələn il bu mövzuda danışmağa və ya hər hansısa bir müraciətə əsas qalmasın", - DYP rəsmisi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə