"55 nəfərə protez göz qoyulub" - "YAŞAT" FONDUNUN RƏHBƏRİ AÇIQLADI

"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 22 449 998.04 AZN təşkil edir". SİA xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov mətbuat konfransında qeyd edib.

Fondun rəhbəri qeyd edib ki, 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür: "Müalicə alanlardan 160-ı ölkəyə geri qayıtmışdır. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir. "YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib. 28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə