Dünən "Ögey ata" bədii filminin premyerası keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə yumor aktyorlarından Fərda Xudaverdiyev, Tahir İmanov və türk aktyoru İlhan Özbəy, media nümayəndələri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan aktyor Tahir İmanov sponsorlardan əziyyət çəkdiyini deyib: "Biz sponsor tapa bilmirik. Ona görə də bankların birindən kredit götürərək "Ögey ata" filmini ərsəyə gətirməyi düşündük. İnanırıq ki, tamaşaçılar da bu filmdən razı qalacaq".

Daha sonra söz alan aktyor Fərda Xudaverdiyev həmkarı Tahirin sözlərini təsdiqləyib: "Hər zaman müsahibələrimdə söyləmişəm ki, sponsorlar baxımından böyük çətinliyim var. Bir müddət öncə kanalların birində veriliş aparırdım. Həmin verilişə kolbasa şirkətlərinin biri sponsorluq edirdi. O da hər zaman söyləyirdi ki, kolbosalarımızı veriliş boyu əlində saxlayaraq reklam et. Bu, çox gülünc vəziyyətdir. Odur ki, Tahir İmanovdan çox razıyam. Çünki sözügedən yumoristik filmin ortaya çıxmasında bizə çox böyük köməklik etdi".

Türk aktyoru İlhan Özbay "Ögey ata" filminə dəvət aldığına görə sevindiyini dilə gətirib:" Adıçəkilən filmə dəvət alanda böyük məmnuniyyətlə qəbul etdim".

Qeyd edək ki, "Ögey ata" adlı yeni komediyanın quruluşçu rejissoru Şahin Qəhrəman, ssenarist və baş rol ifaçısı yumoristik aktyor Fərda Xudaverdiyevdir. Xəyalə Abbasova və Teymur Məmmədov da filmin oyunçuları sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə