“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzidir ŞƏRH

“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzidir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da xalqa müraciətini bu sözlərlə başlayıb: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. ”Bəyanatın mətni barədə ətraflı məlumat verəndövlət başçımız bildirib ki, bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Müraciətdə dövlət başçısı daha sonra vurğulayıb ki, biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.

Bəli, 10 noyabr 2020-ci ildə imzalanan üstərəfli Bəyanət 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. İmzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək, “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək.Dövlət başçımız mətbuata verdiyi bəyanatda da bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq". Bəli, tarixi sənəd olan üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan Prezident İlham Əliyev 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra xalqa müraciətində bildirdi ki, bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur və bu tarixi Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.Bir sözlə, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.Bəli, 10 noyabrda Qarabağımız tam Azəzərbaycanın oldu. Ali Baş Komandan, Prezidenti İlham Əliyevin dediyi kimi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə