Oleq Sidorov “Bakı ilə İrəvan arasında yeni müharibə ehtimalı azdır” - MÜSAHİBƏ
Rusiyalı siyasi strateq, siyasi elmlər namizədi Oleq Sidorov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistanın vəziyyəti və sülh danışıqları ilə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Oleq Nikolayeviç, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesini və xüsusən də 3 ölkə liderinin sonuncu Soçi görüşünü necə qiymətləndirirsiniz?
- Bakı və İrəvanın imzaladığı ikitərəfli sənəd şəklində heç bir nəticə olmadı, ona görə də iki ölkə arasında münasibətlərdə sıçrayışdan danışmaq hələ tezdir. Lakin tərəflərin danışıqlar masası arxasına əyləşərək ağrılı mövzuları müzakirə etməyə başlaması müsbət məqamdır və Azərbaycan və Ermənistanın yaranmış fikir ayrılıqlarının həllində maraqlı olduğunu düşünməyə əsas verir. İnanıram ki, Moskvanın köməyi ilə fəallaşan danışıqlar prosesi ortamüddətli perspektivdə real konturlar əldə etməyə imkan verəcək. Hər halda, liderlərin Soçi görüşü artıq göstərdi ki, danışıqlar prosesi konstruktiv məcraya doğru getməyə başlayıb və bu, kifayət qədər əhəmiyyətli göstəricidir.
- Bu ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı varmı?
- Gəlin realist olaq. Bu gün sülh sazişinin imzalanması şansı çox azdır. Burada söhbət təkcə iki ölkə başçılarının sənədi imzalamaq istəyindən deyil, həm də bir sıra hazırlıq tədbirlərinə ehtiyacdan gedir, çünki ikitərəfli saziş yalnız gərgin iş nəticəsində nəhayət danışıqlar prosesində iştirak edən dövlətlərin maraqlarına cavab verən formalaşmış strukturu qəbul edə bilər.
- Bəzi ekspertlər Rusiya hərbi bazasının Gümrüdən çıxmasını istisna etmirlər. Bu barədə nə düşünürsünüz?
- Düşünürəm ki, bu, çətin ki, mümkün olsun və Ermənistanın maraqlarına demək olar ki, cavab vermir. Məsələ burasındadır ki, necə deyərlər, müqəddəs yer heç vaxt boş qalmır və rus bazasının əvəzinə başqa baza peyda olacaq... ABŞ və ya NATO. Və burada artıq regionda qüvvələrin sıralanması və nəticədə Ermənistanda daxili siyasi vəziyyəti kökündən dəyişəcək daha bir geosiyasi çarx işə salınır. Bununla əlaqədar mən əmin deyiləm ki, İrəvan uzaq xaricdəki ölkələrin hərbi bazalarının yerləşdirilməsi ilə daxili siyasi və sosial-iqtisadi təlatümlərdə maraqlıdır.
- İrəvanda həm də KTMT-dən çıxmağı tələb edirlər. Sizcə, bu nə dərəcədə mümkündür?
- Hesab edirəm ki, bu variant çətin ki, mümkün olsun. KTMT-yə üzv olan bütün ölkələr bilirlər ki, təşkilatdan çıxsalar, o zaman geriyə dönüş olmayacaq, bu o deməkdir ki, blok daxilində ölkələr arasında qarşılıqlı fəaliyyətin bir çox sahələrində dəstək olmayacaq. Ermənistan Silahlı Qüvvələrinin vəziyyəti və regiondakı vəziyyəti nəzərə alsaq, İrəvanın KTMT-dən çıxması bu istiqamətdə real addımların atılmasını məcbur etməyən mübahisəli məsələdir.
- Ermənistanın Qərbə və ABŞ-a davamlı baxışları, həmçinin Aİ missiyasının öz ərazisində yerləşdirilməsi nəyə gətirib çıxara bilər?
- Yaxşı deyil. Məsləhət və tələblərdən başqa, Aİ və Vaşinqton İrəvana iqtisadiyyatı yaxşılaşdırmaq və daxili siyasəti bərabərləşdirmək üçün heç bir real plan təklif edə bilməyəcək. Avropadakı gərgin daxili siyasi və sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, Aİ missiyasının siyasəti Ermənistanın Rusiya ilə münasibətlərini pozmağa yönələcək. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını nəzərə alsaq, Moskvadan uzaqlaşma Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da gərginləşdirəcək, sonradan respublika daxili siyasi təlatümlər zonasına daxil olacaq.
- Ermənistandakı revanşist əhval-ruhiyyəni və Qərbin buna dəstəyini nəzərə alaraq, Bakı ilə İrəvan arasında yeni müharibənin başlanması ehtimalını etiraf edirsinizmi?
- Bu ehtimalı nəzərdən qaçırmaq olmaz. Lakin regiondakı qüvvələrin hazırkı uyğunlaşmasını nəzərə alsaq, bu ssenari çətin ki, mümkün olsun.
- Ermənistanın və Ermənistan-Rusiya münasibətlərinin gələcəyini necə görürsünüz?
- Burada hər şey Ermənistanın siyasi rəhbərliyindən asılıdır. Qeyd etmək istərdim ki, 10 ildən artıqdır ki, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşıdır. Rusiya həm də respublikanın əsas investorudur. İkitərəfli əməkdaşlıq siyasi, hərbi, mədəni və digər sahələrdə genişlənir. Hətta Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar prosesi Rusiya prezidentinin iştirakı ilə baş tutub. Ona görə də Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsi ehtimalı Ermənistanın Rusiyadan uzaqlaşmasından daha yüksəkdir.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB