Yenidən qurulan Türk dünyası - ANALİZ

Yenidən qurulan Türk dünyası - ANALİZ

Səmərqənd Zirvəsi Türk Dövlətləri Təşkilatının gələcək planlarını müəyyənləşdirdi

Noyabrın 11-də Səmərqənddə Türk Şurasının əvəzinə yaradılmış Türk Dövlətləri Təşkilatının (TDT) ilk sammiti keçirilib və bu toplantıda quruma üzv ölkələrin gələcək inteqrasiyası ilə bağlı konkret qərarlar qəbul edilib. Türk dövlətlərinin rəhbərləri nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə baxılıb və sənədlər imzalanıb. O cümlədən nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondunun yaradılması da gözlənilənlər sırasında olub. Sammitin keçirildiyi müddətdə bir məqam da diqqət çəkib ki, Türkmənistan TDT-yə qoşulması və ya müşahidəçi statusunda qalması məsələsinə hələlik tam qərar verməyib.

Eks-prezident, Xalq Məsləhəti Milli Geneşin (Türkmən parlamentinin yuxarı palatası) rəhbəri Qurbanqulu Berdiməhəmmədov TDT sammitində iştirak etmək üçün Səmərqəndə gəlib. Xatırladaq ki, Türkmənistan uzun illərdən sonra TDT-yə müşahidəçi statusuna qatılıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın TDT-yə daxil olduğunu açıqlayıb. Lakin Türkmənistan hakimiyyəti tam üzvlük məsələsindən yan keçərək TDT çərçivəsində humanitar və iqtisadi əməkdaşlığı gücləndirmək vədləri ilə məhdudlaşıb. Bir çox nəqliyyat layihələrinin taleyi ilə yanaşı, Türkmənistanın təşkilata üzvlük məsələsi də Qurbanqulu Berdiməhəmmədovun qərarından asılıdır.

TDT-də müşahidəçi statusuna malik ikinci ölkə Macarıstandır. Sammitdə onu baş nazir Viktor Orban təmsil edib.

Bir məsələni də qeyd edək ki, TDT-yə üzv ölkələrin ilk sammitinin türk sivilizasiyasında böyük rol oynayan Səmərqənddə keçirilməsi rəmzi məna daşıyır. Sammitin əsas hadisəsi onun üçün hazırlanmış sənədlər paketinin imzalanması olub və 2022-2026-cı illər üçün TDT-nin inkişafını müəyyən edib. Bu barədə Özbəkistanın xarici işlər naziri Vladimir Norov cümə axşamı TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib. Onun fikrincə, sammitdə imzalanacaq sənədlər “əməkdaşlığın populyar və perspektivli sahələrində qarşılıqlı fəaliyyətə ümumi yanaşmaları əks etdirir.

Xatırladaq ki, 2021-ci ilin noyabrında İstanbulda keçirilən əvvəlki sammitdə (o zaman hələ də Türk Şurası idi –müəllif) quruma daxil olan ölkələr arasında əməkdaşlığın prioritetlərini növbəti iki onillik üçün müəyyən edən, o cümlədən TDT-yə üzv dövlətlər arasında malların, kapitalın, xidmətlərin, texnologiyaların və işçi qüvvəsinin sərbəst hərəkətinə nail olmağa hesablanmış “Türk dünyasının 2040-cı ilə qədər baxışı” strateji sənədi qəbul edilib.

Hazırkı sammitdə əsas məsələ nəqliyyat sektorunda strateji əməkdaşlığın inkişafının müzakirəsi olub. Avrasiyada formalaşan yeni geoiqtisadi vəziyyət Avrasiyanın strateji dəhlizlərini birləşdirən Orta Asiya regionunu qlobal dəyərdə güclü nəqliyyat və logistika qovşağına çevirmək üçün çox əlverişli şərait yaradır. Bu məqsədə nail olmaq üçün TDT ölkələrinin quru və dəniz sərhədlərini dünya bazarları ilə möhkəm birləşdirəcək vahid nəqliyyat məkanı yaratmaq lazımdır. Qeyd etmək lazımdır ki, TDT ölkələrinin aparıcı sənaye müəssisələri, investisiya şirkətləri, maliyyə institutları və sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, səmərəli regional əməkdaşlığın qurulması zəruridir.

Sammitdə ticarətin asanlaşdırılması strategiyasının təsdiqlənməsi, o cümlədən təşkilatın dövlətləri tərəfindən bərabər payda qoyulacaq ilkin kapitalı 500 milyon dollara qədər olan TDT İnkişaf Bankı adlı investisiya fondunun yaradılması ilə bağlı qərarların qəbulu alqışlanmalıdır. Fondun baş qərargahının Bişkekdə olacağı da xəbərlər sırasındadır. Bundan başqa, TDT-nin baş katibi vəzifəsi Qırğızıstan nümayəndəsinə keçib. Bundan sonra bu vəzifəni Qırğızıstanın Türkiyə Respublikasındakı səfiri Kubanıçbek Ömüralıyev daşıyacaq.

TDT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Çavuşoğlu problemlər və böhranların həlli üçün orta və uzunmüddətli strategiyanın hazırlanmasının zəruriliyini qeyd edib. Türkiyəli nazirin sözlərinə görə, müasir dünya çətin inkişaf dövrünü yaşayır. Mövlud Çavuşoğlu vurğulayıb ki, hazırkı vəziyyətdə türkdilli dövlətlərin həmrəyliyi və birliyi xüsusilə əhəmiyyətlidir.

Yeri gəlmişkən, türkiyəli nazir Şımkənddə (keçmiş adı Çimkənd) Türkiyənin Qazaxıstandakı fəxri konsulluğunun açılışında da belə danışıb: “Türk dünyasının uğurunun açarı birlikdir. Biz birlikdə istənilən çətinliyin öhdəsindən gələ bilərik, çünki gücümüz birlikdədir”.

Etnomilli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski isə Səmərqənd sammiti və perspektivdə olan imkanlar barədə danışarkən deyib ki, TDT-nin yaxın gələcəkdə böyük Türk dövlətinə çevrilmək üçün hər şansı var: “Bu ölkələrin rəhbərləri istər-istəməz belə bir qənaətdədirlər ki, onların ölkələrində əhalinin azlığı səmərəli iqtisadi fəaliyyətə və inkişafa imkan vermir. Türkiyə üçün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin bir yerdə olması əhalinin toplum sayını ən azı daha 80 milyon artıracaq. Macarıstanla birlikdə əhalinin sayı 200 milyon nəfərə qədər artacaq. İstisna etmək olmaz ki, türk dövlətlərinin əhatəsində olan Tacikistan da eyni dinin daşıyıcısı kimi bu dost komandaya müşahidəçi kimi qoşula bilər. Bu, türk dövlətini böyüklük və əhalinin artım tempinə görə birbaşa regional gücə çevirəcək. Bu, dünya əhalisinin 2%-dən çoxu deməkdir. Bu ölkələr həm də alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış dünya ÜDM-nin 3%-dən çoxunu təşkil edir”.

Bütün deyilənləri bir kənara qoyub bu böyük hadisənin bütün türk dövlətləri üçün yalnız uğur gətirəcəyini çəkinmədən söyləmək olar. Türk dövlətlərinin birliyi heç bir dövlətə və dövlətlərə qarşı deyil, bu, eyni kökdən olan ölkələrin və xalqların yenidən bir araya gəlməsi, birgə yaşamaq istəyidir. Problemlərin həlli kimi, gələcəyini necə qurmağın yollarını birgə aramaq cəhdidir.

Beləliklə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamlayıb və müzakirə olunacaq məsələlərdən, Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələrdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Səmərqənd Sammitinin türk dövlətləri arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini vurğulayıb, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıraraq deyib: “Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”.

Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır: “Cənub Qaz Dəhlizi isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir. Enerji sahəsində təşkilatımızın nəzdində və ikitərəfli səviyyədə əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önəm veririk”.

Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündə çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Azərbaycan Prezidenti çıxışına davam edərək bildirib ki, Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır: “Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünün qeyd olunmasına diqqət çəkərək böyük qürur hissi ilə qeyd edib ki, iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi: “Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub”.

Prezident İlham Əliyev digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edib. Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında türk dövlətləri arasında informasiya texnologiyalarının, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı ilə bağlı əməkdaşlığın önəmini vurğulayıb. O, bu baxımdan üç qardaş dövlətin – Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini xüsusi qeyd etdi.

Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında ölkəsinin Azərbaycanla münasibətlərinin yeni səviyyəyə yüksəldiyini vurğulayaraq bildirdi: “Son vaxtlar biz mənim əziz dostum Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə qarşılıqlı səfərlər edib dövlətlər arasında münasibətlərimizi yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik”.

Macarıstanın Baş naziri Viktor Orban Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu xüsusilə qeyd edərək dedi: “Mən qardaşım Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Azərbaycan bizim üçün yeganə real şaxələndirmə şansıdır. Məhz Azərbaycan Avropanı Rusiya mənbəyi olmadan qazla təchiz edən yeganə ölkədir. Qardaşım İlham Əliyevə, həmçinin bizim Azərbaycan üçün “yaşıl enerji”ni Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan əməkdaşlığına gətirmək təşəbbüsümüzü tamamilə dəstəklədiyi üçün təşəkkürü bildirmək istəyirəm. Mən bu əməkdaşlığa çox ümid bəsləyirəm”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilat çərçivəsində əməkdaşlıqdan danışarkən bu qurumun Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verdiyini bildirib: “Bizim əməkdaşlığımız və siyasi arena əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Bakını möhkəm dəstəkləməklə yekdilliyimizi bütün dünyaya nümayiş etdirdi”.

Təşkilatın yeni Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirdi, üzv ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylə çalışacağını deyib.

Daha sonra bir sıra sənədlər, o cümlədən Səmərqənd Bəyannaməsi imzalanıb.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə